Makronun reytinqi antirekordu yeniləyərək 17 faizə enib Dünya

Makronun reytinqi antirekordu yeniləyərək 17 faizə enib

Fransa Prezidenti Emmanuel Makronun reytinqi antirekord həddə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Verian-Epoka” tədqiqat mərkəzinin “Figaro” nəşri üçün apardığı araşdırmanın nəticələrində əksini tapıb.

Araşdırmaya görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.

Sağçı “Milli Birlik” partiyasının rəhbəri Jordan Bardella və onun parlamentdəki fraksiyasının lideri Marin Le Pen populyarlıq səviyyəsinə görə Makronu qabaqlayaraq reytinqdə müvafiq olaraq bırinci və ikinci yerləri bölüşüb.

Fransa liderinin təmsil olunduğu partiyada fəalların sayı il ərzində təxminən dörd dəfə azalaraq 35 mindən 8,5 minə düşüb. Növbədənkənar parlament seçkilərindən sonrakı bir ay ərzində isə Makronun siyasəti ilə razılaşmayan dörd deputat prezident fraksiyasını tərk edib.

Qeyd edək ki, bir müddət öncə, Emmanuel Makron Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə partiyasının aşağı nəticələrinə baxmayaraq, prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını bildirib.