Rusiya XİN Ukrayna ilə bağlı "Almaniya ssenarisi"ni qəbuledilməz adlandırıb Dünya

Rusiya XİN Ukrayna ilə bağlı "Almaniya ssenarisi"ni qəbuledilməz adlandırıb

Moskva Ukraynanın Rusiya ərazilərinə iddialarından imtinası müqabilində Şimali Atlantika Alyansına qoşulması həlli ssenarisi ilə razılaşa bilməz.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik "İzvestiya"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı “Almaniya ssenarisi” Kiyevin Rusiya ərazilərinə iddialarından imtinası müqabilində NATO-ya qoşulmasını ehtiva edir və Moskva bu ssenari ilə razılaşa bilməz.

“Ukraynanın hər hansı bir hissəsinin NATO-ya daxil olması qəbuledilməzdir və yalnız münaqişəni daha da gərginləşdirmək cəhdi kimi qiymətləndirilə bilər”, - deyə rusiyalı diplomat vurğulayıb.