“Gürcüstandakı parlament seçkilərindən sonra mitinqlərin olması gözlənilən idi” Dünya

“Gürcüstandakı parlament seçkilərindən sonra mitinqlərin olması gözlənilən idi”

“Gürcüstandakı parlament seçkilərindən sonra mitinqlərin olması, Prezident Salome Zurabişvilinin vətəndaşları aksiyada iştiraka çağırması, yəni bunlar daha əvvəldən proqnozlaşdırılan bir məsələ idi. Prezidentin belə bir addım atacağı güman edilirdi”.
Bu sözləri xalqəbhəsi.az-a açıqlamasında politoloq Turab Rzayev söyləyib.
Politoloq qeyd edib ki, indiyədək də fərqli məsələlərdə hakimiyyətdaxili böhran yaşanmışdı: “Yəni baş nazirlə, Gürcü Arzusu Partiyası, Prezident arasında Mixail Saakaşvilinin əfv olunması, xarici agentlər haqqında qanun, Rusiyaya təyyarə reyslərinin bərpa olunması və vizaların ləğv edilməsi ilə bağlı məsələlərdə fikir ayrılıqları vardı. Hətta həmin dövrdə Prezident açıq şəkildə əhalini Gürcüstan Hava Yollarını baykota çağırmışdı”.
T.Rzayev S.Zurabişviliyə qarşı impiçment məsələsinin ortaya atılmasına səbəbin onu bu cür addımlardan çəkindirmək olduğunu düşündüyünü diqqətə çatdırıb: “Ancaq biz elə görürük ki, Zurabişvili öz mövqeyində qərarlıdır. Çünki Gürcüstanda faktiki olaraq Qərb-Şərq müharibəsi gedir. Onu da nəzərinizə çatdırım ki, Gürcüstanda stabilliyin olması bölgə üçün vacib şərtdir”.

Röya