Moldova müxalifəti Sanduya qarşı birləşdi Dünya

Moldova müxalifəti Sanduya qarşı birləşdi

Moldovanın əsas müxalif qüvvələri – Sosialist Partiyası və “Qələbə” bloku (İlon Şor) 3 noyabr seçkilərini tanımadıqlarını elan ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə partiyalar bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, xaricdəki seçki məntəqələrində Maya Sandunun xeyrinə kütləvi seçki saxtakarlığına dair sübutlar var.

Moldova müxalifəti prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar.

“Sandu prezident postunu qoruyub saxlayarsa, biz Mərkəzi Seçki Komissiyasının qərarına Konstitusiya Məhkəməsində etiraz edəcəyik, çünki biz ölkədə hakimiyyəti ələ keçirmiş Qərb qüvvələrinin yaratdığı xaosu qəbul edə bilmərik ”, - “Qələbə” blokunun lideri İlon Şor vurğulayıb.

Qeyd edək ki, Sosialist Partiyasının dəstəklədiyi namizəd, etnik qaqauz Aleksandr Stoyanoğlu 3 noyabr seçkisində rəqibi, hazırkı Prezident Maya Sanduya ölkə xaricindən gələn səslər hesabına məğlub olub. Belə ki, Moldova daxilində səsvermədə Stoyanoğlu 51,19% səs toplayıb, ölkə xaricindən, xüsusilə Avropadan gələn diaspor səsləri isə Maya Sandunun 55,33% səslə qalib gəlməsini təmin edib.

Müxalifət buna görə nəticəyə kəskin etiraz edir.