Türkiyə Prezidenti: Qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik Dünya

Türkiyə Prezidenti: Qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik

COP29 çərçivəsində liderlər Zirvəsi zamanı danışıqlar mövzusu ən çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi olub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyə resurslarının necə yaradılacağı da müzakirə olunub:

“2009-cu ildə Danimarka İqlim Sammitində elan edilmiş illik 100 milyard dollarlıq iqlim maliyyəsi hədəfinin 2025-ci ildən sonra üçün də təsdiqini və əlavə mexanizmlərlə dəstəyini müzakirə etdik. Mən sammitdəki çıxışımda ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərini izah etdim. Vurğuladım ki, biz qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik. Həyat yoldaşım Əminə Ərdoğanın təşəbbüsü ilə başlayan və qısa zamanda qlobal miqyasda bir layihəyə çevrilən “Sıfır Tullantı” Hərəkatının əhəmiyyətini ifadə etdim”.

Ərdoğan, həmçinin COP29-a dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkürünü bildirib.