Tramp Tulsi Qabbardın namizədliyini ABŞ Milli Kəşfiyyat direktoru vəzifəsinə irəli sürüb Dünya

Tramp Tulsi Qabbardın namizədliyini ABŞ Milli Kəşfiyyat direktoru vəzifəsinə irəli sürüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının keçmiş üzvü (Havaydan) Tulsi Qabbardın ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə namizədliyini irəli sürmək qərarını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının bəyanatında deyilir.

Qabbard əvvəllər Demokrat Partiyasının üzvü olub və 2020-ci il prezident seçkilərinə Demokratların namizədi kimi daxil olub. Lakin o, sonradan Ukraynaya dəstək də daxil olmaqla bir sıra xarici siyasət məsələlərində partiyanın mövqeyini tənqid edib.

Hazırda Qabbard prezidentlik yarışı zamanı onun müttəfiqlərindən birinə çevrilərək Trampı və Respublikaçılar gündəmini fəal şəkildə dəstəkləyir.

Qabbard ABŞ-ın Ukrayna və Rusiya Federasiyasına qarşı xarici siyasətini tənqid etməsi ilə tanınır. O, ABŞ-ın hazırkı administrasiyasının Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmağa çalışdığını bildirib və tərəfləri danışıqlara çağırıb.