Qətər Əmiri Ankarada Dünya

Qətər Əmiri Ankarada

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tanini Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “hurriyet.com.tr” saytı xəbər paylaşıb.

Xəbərdə qeyd olunur ki, Türkiyə Prezidenti və Qətər Əmiri arasında keçiriləcək görüşdə Türkiyə və Qətər əlaqələri, İsrailin Qəzzaya hücumları və Yaxın Şərqdə artan gərginlik əsas gündəm məsələləri olacaq. Təkbətək görüşdən sonra liderlər Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 10-cu toplantısına gedəcək, burada müxtəlif əməkdaşlıq müqavilələri və birgə bəyannamə imzalanacaq.

Toplantının əsas gündəmi İsrailin Qəzzada törətdiyi qırğın və bölgədəki gərginlikdir. Bundan əlavə, Livan və İrana qədər uzanan münaqişələr də müzakirə olunacaq. Liderlər münaqişənin dayandırılması üçün atılacaq diplomatik addımları müzakirə edəcək.

Həmçinin ikitərəfli əlaqələr kontekstində cari ticarət həcminin artırılması və müdafiə sənayesi kimi sahələrdə yeni əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi gözlənilir.

Qeyd edək ki, 2014-cü ildə yaradılan Türkiyə-Qətər Yüksək Strateji Komitəsi bugünədək 99 saziş və 9 ortaq bəyannamə olmaqla ümumilikdə 108 sənəd imzalayıb. Bu görüşdə isə insani yardım, nəqliyyat, arxiv, media və rabitə, idman kimi sahələrdə yeni müqavilələrin imzalanması gözlənilir.