“Fransa saxta ittihamlarla həbslərə də əl atdı” Dünya

“Fransa saxta ittihamlarla həbslərə də əl atdı”

“Dünya XXI yüzilindədir. Lakin Fransa əsrlər əvvəl olduğu kimi, bu gün də neokolonial siyasətini davam etdirir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O əlavə edib ki, Emmanuel Makron hökuməti yüz illər əvvəlki "Azadlıq, bərabərlik, qardaşlıq" devizi altında müstəmləkəçilik siyasəti yürüdən Fransanın bu siyasətini böyük səylə davam etdirir: “Nəticədə Fransanın işğalından qurtula bilməyən ölkələrdə əhalinin vəziyyəti getdikcə daha da ağırlaşır. Rəsmi Parisin ədalətsizliyindən, qanunsuz qərarlarından cana doymuş, dövlət müstəqilliklərini itirmiş xalqlar dünyaya səslərini çatdırmaq üçün ayağa qalxıblar. Onların istəyi öz ölkələrində təhlükəsiz şəraitdə, azad və dinc yaşamaq, milli-mənəvi sərvətlərinə sahib çıxmaqdır. Bu ölkələr zəngin təbii ehtiyatlara malik olduğu halda, Fransanın müstəmləkəsinə çevrildikdən sonra xalqlarının maddi vəziyyətləri getdikcə daha da ağırlaşır, yoxsulluq pik həddə çatır, bu da insanların səbrini tükəndirir, qəsbkarlara qarşı etirazlarını alovlandırır. Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərində - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı və Haiti kimi ölkələrin yerli əhalisi də yüz illərdir davam etdirilən ədalətsizliyə son qoyulmasını, hüquqlarının bərpa edilməsini istəyirlər”.

Deputat son illər öz daxilində tüğyan edən narazılıqların qarşısını ala bilməyən, sosial-iqtisadi problemlərini həll etməyə gücü yetməyən Fransa hökümətinin işğal etdiyi ölkələrdə vəziyyətin olduqca acınacaqlı olduğunu vurğulayıb: “Rəsmi Parisin müstəmləkəçilik siyasəti nəticəsində gündən-günə yoxsullaşan həmin ölkələrdə etirazlar səngimir. Dənizaşırı ərazilərdə müstəmləkəçi siyasət yürüdən Fransa saxta ittihamlarla həbslərə belə əl atdı. Fransanın müstəmləkə altında saxladığı Martinikdə baş verən nümayişlər, iğtişaşlar göstərir ki, rəsmi Parisin müstəmləkəçilik siyasətinin başa çatmasının zamanı yetişib”.

Röya İsrafilova