Putin şərtləri sadələşdirdi - Hər an nüvə silahına əl ata bilər Dünya

Putin şərtləri sadələşdirdi - Hər an nüvə silahına əl ata bilər

Ukraynada müharibənin 1000-ci günündə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Bu qərar Kiyevin Rusiya ərazisində ilk dəfə uzaqmənzilli raketlərdən istifadə etməsinə cavabdır.

Bu barədə “The Times” yazır.

Nəşr bildirir ki, yenilənmiş doktrina Rusiyanın başqa ölkəyə nüvə hücumu ehtimalını nəzərdən keçirəcəyi həddi aşağı saldığını göstərir. Məsələn, bir nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin PUA və ya təyyarə hücumlarında nüvə silahına əl atıla bilər.

Doktrinada koalisiyaya daxil olan dövlətin Rusiyaya qarşı hər hansı təcavüzünün Kreml tərəfindən bütün koalisiyanın ona qarşı təcavüzü kimi qiymətləndirildiyi məqam da var.

Doktrinanın əvvəlki variantında nüvə zərbəsi yalnız dövlətin mövcudluğuna təhlükə yarandıqda nəzərdə tutulurdu. Yenilənmiş versiya suverenlik və ya ərazi bütövlüyü üçün kritik təhlükə təşkil edən təcavüzə cavab verməyə imkan yaradır.

Putin ABŞ-ın Ukraynaya Rusiyanın dərinliyinə uzaqmənzilli ATACMS raketləri ilə hücumlarına icazə verib-verməməsi barədə müzakirələr apardığı vaxtda doktrinadan dəyişiklik etmək qərarına gəlib. Təsadüfi deyil ki, qərar ABŞ-ın bu icazəni verməsindən dərhal sonra qəbul edilib

Mənbə qeyd edir ki, Putin Ukraynanın tərəfdaşlarını qorxutmaq üçün daim “qırmızı xətlər” çəkməyə çalışır. Bununla belə, onların yolları dəfələrlə heç bir nəticə vermədən kəsişib, bu, Qərb müttəfiqlərini Rusiya liderinin blef etdiyi qənaətinə gətirib.

Kreml Ukraynanın ilk belə zərbələrinə nəzəri reaksiya verib. Üstəgəl, ruslar ATACMS-ların işə düşməsindən sonra hərbi texnikalarının bir hissəsini raketlərin əhatə dairəsindən kənara çıxarıblar.

Yeri gəlmişkən, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya piyadaəleyhinə minaların tədarükünü də təsdiqləyib.

Bu barədə “The Washington Post” rəsmi şəxslərə istinadən bildirib.

Bu qərar Rusiyanın hücumu qarşısında Kiyevin müdafiəsini gücləndirmək məqsədi daşıyır, lakin silah nəzarəti qrupları tərəfindən tənqid edilib.

Minaların tədarükü Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS raket sistemindən istifadəsinə icazə verilməsindən dərhal sonra baş verib. Ağ ev hesab edir ki, minalar cəbhədə bu silahdan aktiv istifadə edən Rusiya qüvvələrinin irəliləməsini ləngidəcək.

Administrasiya nümayəndələrinin sözlərinə görə, söhbət “daimi olmayan” minalardan gedir ki, bunlar da şarj müddəti bitdikdən sonra məhv olur və ya deaktiv olur. Ukrayna onları sıx məskunlaşmış ərazilərdə istifadə etməyəcəyinə dair təminat verib.

Qərar mübahisələrə səbəb olub, çünki 160-dan çox ölkə piyadaəleyhinə minaları qadağan edən Ottava Konvensiyasını imzalayıb. Lakin ABŞ və Rusiya bu konvensiyanın iştirakçısı deyil. Bayden əvvəllər belə minaların Koreya yarımadasından kənarda istifadəsini yasaqlayan siyasəti bərpa etsə də, Donetsk vilayətində döyüşlərin güclənməsi səbəbindən yanaşmasını dəyişib.

Bəzi ekspertlərin fikrincə, hətta “daimi olmayan” minalar mülki şəxslər üçün təhlükə yaradır və onların istifadəsi Ottava Konvensiyasını imzalamış Ukraynanın öhdəliklərinə ziddir. Lakin Kiyev, Rusiyanın hərbi təcavüzü şəraitində tədarükləri əsaslandırılmış hesab edir.

“Human Rights Watch” bu qərarı “sarsıdıcı və destruktiv” adlandırıb və ərazilərin minalardan təmizlənməsinin çətinliklərini vurğulayıb. Namizəd olarkən Bayden Tramp administrasiyasının oxşar addımlarını “məsuliyyətsiz” adlandıraraq tənqid etmişdi.

Mənbələr əlavə edir ki, Birləşmiş Ştatlar münaqişə bitdikdən sonra Ukraynada minatəmizləmə işlərini dəstəkləməyi planlaşdırır.