Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa… Dünya

Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…

Kremlin yeni nüvə doktrinasına görə, Rusiya ərazisinə istənilən hücuma qarşı nüvə silahından istifadə edilə bilər. Yəni bu doktrina Rusiyaya Ukraynanın ABŞ-ın uzaqmənzilli raketləri ilə zərbələri qarşılığında nüvə başlıqlı raketlərdən istifadəsi imkanı verir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Yeni doktrinanı qəbul etmək asandır, ancaq onu reallaşdırmaq çətindir, gərək tək Ukraynaya deyil, ona bu raketləri verən ölkələrə qarşı da nüvə başlıqlı silahlardan istifadə edəsən. Bu isə nüvə müharibəsinin başlanması deməkdir. Çünki hədəf seçilən ölkələrin də nüvə silahı var, onlar da səni vuracaq. Bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin çətin seçim qarşısındadır. O, ya yeni doktrinaya uyğun hərəkət etməli, ya da Rusiya ərazisinin ABŞ, Böyük Britaniya və digərlərinin uzaqmənzilli raketləri ilə vurulmasını seyr etməyə davam etməlidir. Birinci addımı dünyanı fəlakətə sürükləyirsə, Putinin ikinci seçimi onun imicinə mənfi təsir edəcək. Kreml sahibi ikisindən birini seçməli, ya da vasitəçilərin Kiyevlə danışıqlar şərtini qəbul etməlidir”, - politoloq vurğulayıb.