“Makron hakimiyyəti tam anladı ki…” Dünya

“Makron hakimiyyəti tam anladı ki…”

“COP29 öncəsi Fransanın çirkin siyasəti davam edirdi. Biz bilirdik ki, tədbirdən öncə, həmçinin tədbir zamanı da Fransa tərəfindən təhdidləri və təzyiqləri görə bilərik və belə də oldu. Fransa bütün gücü ilə COP29-un baykot edilməsi, gələn liderlərdən hansına təsir edə bilərsə ona təsir göstərməsi, hətta Ermənistanın da COP29-da iştirakının qarşısını alan düşünürük ki, elə Fransa oldu”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
V.İskəndərov vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın ölkəmizdəki səfiri Ann Buayonu XİN-ə dəvət edib Azərbaycanın haqlı mövqeyini çatdıraraq Fransanı bu siyasətə son qoymağa çağırdı: “Makron hakimiyyəti tam anladı ki, onların belə siyasəti heç bir nəticə vermir, əksinə, COP29 tədbiri yüksək səviyyədə keçirilir. Düşünürük ki, iqlim dəyişikliyi konfransı tarixində Bakı konfransı hazırlığına, təşkilinə görə ən yüksək səviyyədə keçirilən tədbir kimi tarixdə izlər buraxacaq”.
Deputat Fransanın son günlərdəki mövqeyinin özünü də çətin duruma saldığını bildirib: “Fransanın dənizaşırı ölkələri və adaları asılı vəziyyətə salması siyasətinə Azərbaycanın yanaşması və o bölgələrin Azərbaycanın bir himayəsi kimi hiss etmələri, Bakıda onlara aktiv çağırışlar, etirazlar artıq Fransanın kolon saxlama siyasətini də ifşa edib. Bu mənada baş rolda Makron Azərbaycanı, Azərbaycan Prezidentini görür. Buna görə də artıq bu siyasət əndazəsini aşıb və hikkə siyasətinə dönüb. Bu da siyasətçilərə yaraşmayan keyfiyyətdir. Çünki siyasət emosiyanı yox, soyuq baş və məntiqi münasibəti sevir. Xatırladaq ki, COP29 tədbiri uğurla davam edir və düşünürük ki, COP29 Bakı platforması çox yaxşı nəticələr əldə edəcək, Makron və onun əlaltılarının bütün cəhdlərinə baxmayaraq dünyanı narahat edən iqlimlə bağlı məsələlərin həll olunması üçün ən ideal bir məkana çevriləcək və bu, tarixdə qızıl hərflərlə yazılacaq”.

Röya İsrafilova