Milli Məclisdə büdcə müzakirələri davam etdirilib
27 Noyabr 23:45
BCM-in 124 üzv dövləti, məhkəmənin təsis nizamnaməsinə əsasən, məhkəmənin həbsinə order verdiyi istənilən şəxsi öz ərazilərinə daxil olduğu halda həbs edib, təhvil verməyə borcludur
Ötən həftə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib. Məhkənin yaydığı məlumatda qeyd olunub: “Beynəlxalq Cinayət Məhkəməsinin İbtidai Məhkəmə Palatası yekdilliklə İsrailin Roma Statutuna uyğun olaraq çağırışlarını rədd edən iki qərar qəbul etdi. Məhkəmə həmçinin Netanyahu və Qallantın Fələstində törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər iddiası ilə həbs olunmasına order verib”.
Bununla yanaşı, HƏMAS-ın hərbi qanadının komandanı Məhəmməd Əd-Deyfin də həbsinə order verilib.
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını şərh edərkən bildirib ki, bütün məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq.
İsrail Prezidenti İshaq Hersoq da BCM-nin Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verməsini tənqid edib.
Hersoq bunu “vicdansız və hiddətləndirən” bir qərar adlandırıb.
İranın dini rəhbəri Əli Xamenei “Bəsic” (Konüllülər ordusu) gəncləri ilə görüşündə deyib ki, düşmən Qəzzada və Livanda qalib gəlməyib və gələ bilməyəcək, İsrailin Qəzza və Livanda etdikləri qələbə deyil, müharibə cinayətidir: “İndi Netanyahu üçün həbs orderi veriblər, amma bu kifayət deyil, onun ölüm hökmü verilməlidir”.
“Tayms of İsrail” bu qərardan sonra nələrin ola biləcəyini diqqətə çatdırıb.
“BCM-in 124 üzv dövləti, məhkəmənin təsis nizamnaməsinə əsasən, məhkəmənin həbsinə order verdiyi istənilən şəxsi öz ərazilərinə daxil olduğu halda həbs edib, təhvil verməyə borcludur.
BCM-ə AB-nin bütün ölkələri, Böyük Britaniya, Kanada, Yaponiya, Braziliya və Avstraliya daxildir. Yaxın Şərq regionunda Fələstin və İordaniya BƏM üzvləridir. Amma İsrail və ABŞ Roma Statutuna qoşulmayıb.
Fransa, Kanada və Niderland kimi İsrailin müttəfiqləri də daxil olmaqla, üzv dövlətlərin bir sıra liderləri orderlərə hörmət edəcəklərini və beləliklə, Netanyahu və Qallant bu ölkələrə səfər edərsə, həbsləri həyata keçirəcəklərini bildiriblər”, - nəşr qeyd edib.
Amerikalı senator Lindsi Qrehem BMC-nin İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə dair qərarına görə Avropa və Kanadanı sanksiyalarla hədələyib.
Qrehem bu barədə “Foks Nyus”a açıqlamasında deyib.
“ABŞ-ın istənilən müttəfiqi - Kanada, Böyük Britaniya, Almaniya, Fransa - Beynəlxalq Cinayət Məhkəməsinə kömək etməyə çalışsa, ona qarşı sanksiyalar tətbiq edəcəyik. ABŞ BCM-ə kömək etmək qərarına gələn ölkələrin iqtisadiyyatlarını əzməlidir”, - Qrehem bildirib.
Avropa Birliyi (AB) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderlərinin icrasını məcburi hesab edir.
Bu barədə AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Fransanın Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verməsinə cavabı məhkəmənin nizamnaməsinə uyğun olacaq.
Niderland da Beynəlxalq Cinayət Məhkəməsinin Benyamin Netanyahuya qarşı çıxardığı həbs qərarına uyğun hərəkət etməyə hazır olduğunu bildirib
Kolumbiya Prezidenti Qustavo Petro da deyib ki, Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu Latın Amerikası respublikasına səfər edəcəyi təqdirdə BCM-nin orderi əsasında həbs edəcək.
"Biz Beynəlxalq Cinayət Məhkəməsinin qərarına hörmət edirik, əgər Netanyahu və onun sabiq müdafiə naziri Kolumbiyaya səfər edərsə, biz onları həbs edəcəyik”, - Petro bildirib.
Böyük Britaniya Baş naziri Keyr Starmerin Ofisinin yaydığı məlumatda da İsrail Baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya daxil olacağı təqdirqə həbs olunacağı bildirilib.
“Böyük Britaniya hər zaman milli və beynəlxalq hüquqda müəyyən edilmiş hüquqi öhdəliklərinə əməl edəcək”, - ofisdən verilən açıqlamada bildirilib
Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair BCM tərəfindən verilən qərarın Yaxın Şərq nizamlanmasına hər hansı müsbət töhfə vermək ehtimalı çox azdır.
“Rusiya üçün bu cür qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Biz bunu hər hansı şəkildə şərh etməyə ehtiyac görmürük, çünki bu qərarlar bizim üçün heç bir hüquqi dəyərə malik deyil", - Peskov bildirib.
Politoloq Elşən Manafov "Xalq Cəbhəsi"nə deyib ki, qərar gecikmiş olsa da, əvvəla İsrail rəsmiləri barədə ilk beynəlxalq həbs qərarıdır və əlbəttə müxtəlif ölçülərdə əhəmiyyətli qərar sayıla bilər.
İstisna deyil ki, bu dünyada İsrailin beynəlxalq hüquqdan kənardakı hərəkətlərinə hüquqi rakursada hücumun genişlənməsinə rəvac verəcək və İsrailə münasibətdə yeni bir yanaşma tərzinin tədricən formalaşmasına gətirib çıxaracaq".
Bildiyimiz kimi İsrail özünün güclü maliyyə və media təsirləri, dünya güc mərkəzləri ilə tarixi əlaqələri hesabına Yaxın Şərqin ən demokratik dövləti imicinin formalaşmasına nail olmuş, tarixən zülmə və məşəqqətlərə məruz qalmış əzabkeş xalq olaraq özünün müdafiə hüququnun tanınması kimi beynəlxalq formulanı dünya birliyinə qəbul etdirə bilib:
"BCM-nin məlum qərarl yəhudi sionuzminin uzun illər ərzində formalaşdırmağa nail olmuş bu imicin, əsatirin tədricən yoxa çəkilməsinə ciddi təsir göstərə biləcək hüquqi sənəd ola bilər. Məhkəmənin bu qərarı indiyədək Netenyahu hökumətini dəstəkləyən, ona silah və maliyyə dəstəyi verən dövlət və hakimiyyət dairələrini düşündürməli, onları məlum cinayətlərdə təqsirli bilinən Netenyahu hökuməti ilə əməkdaşlıqdan çəkindirməlidir.
Məhkəmənin məlum qərarından sonra Netenyahunun BCM-nin Əsasnaməsinə qoşulmuş və onu təsdiq etmiş 120-dən çox ölkəyə gedişləri üçün hüquqi azadlığı olmayacaq, ancaq həm belə bir şeyin baş verməsi beynəlxalq yəhudi klanlarının dünya maliyyə mərkəzlərinə təsir imkanları, habelə onların beynəlxalq güclərlə tarixən qura bildikləri münasibətlər baxımından az ehtimal olunur".
Politoloq Azər Qasımovun fikrincə, BCM-nin Netanyahu və Qalant barəsində verdiyi qərar regionda gedən proseslərin mahiyyətinin dərinliyinə kimi anlaşılmasında problem olduğunu göstərir.
O, qeyd edib ki, BCM verdiyi qərarın ilk növbədə qərəzli olduğu bəlli olur: "Məsələ ondadır ki, əvvəla BCM-nin baş prokuroru Kərim Xanın seksual təqib hərəkətləri fonunda bu təşkilatın imicinin korlanmasını ört-basdır etmək, sonra isə Trampın gəlişi ilə onun vəd etdiyi BMC-yə sanksiyalar tətbiq edəcəyi gözləntilər fonunda tez-tələsik qərar verilməsi dayanır.
İsrail Roma statutunu qəbul etməyən ölkədir və BMC-nin qərarı onun üçün heç bir əhəmiyyət kəsb etmir. Bu təşkilatın Sudanın keçmiş prezidenti Əl Bəşir və Rusiyanın prezidenti Putin haqqında verdiyi eyni qərarlar hələ də icra edilməmiş qalıb.
Təbii ki, İsrailin Fələstinə qarşı apardığı son bir ildən çox müddət ərzində 44 mindən çox fələstinlinin öldüyü deyilir. Amma həmin insanların taleyini ilk növbədə onları idarə edənlər fikirləşməli idi.
Eyni zamanda həmin fələstinlilər də arxasında dayandığı "HƏMAS"ın hərəkətlərinə cavabdeh idi. İndi 7 oktyabrda israillilərə qarşı edilən vəhşiliklərin bədəlini ödəmək də onların öncə fikirləşməli olduğu reallıq idi".
Siyasi ekspert Fuad Əliyev isə Netenyahunun həbs edilməyəcəyini iddia edib. Deyib ki, heç bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahunun həbs qərarını yerinə yetirməyəcək.
O, qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinin də həbsinə order verib: 'Məhkəmənin yurisdiksiyasını qəbul edən üzv ölkələr rəsmi statusundan və vətəndaşlığından asılı olmayaraq, BCM-nin həbs orderi çıxardığı şəxsləri həbs etməli və təxliyə etməlidir. Lakin Putin Monqolustana səfər edib. Monqolustan Roma Statutunu ratifikasiya etsə də, Putinin həbsi tələbindən imtina edib. Netehyahunun həbsinə verilən order də yalnız kağız üzərində qalacaq".
Yeri gəlmişkən, İsrailin keçmiş müdafiə naziri Yoav Qallant Ağ Ev və Dövlət Departamentinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirmək üçün Vaşinqtona getməyi planlaşdırır. “Ynet” saytının məlumatına görə, bu, Qallantın Beynəlxalq Cinayət Məhkəməsinin onun və İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra ilk xaricə səfəri olacaq.
Ekspertlərin fikrincə, onun ABŞ-a səfəri də məhz bu faktla bağlıdır, çünki Qallant həbs oluna biləcəyindən ehtiyat edir, ona görə də bəzi mənbələrə görə, o, ABŞ hakimiyyətini məsələ ilə bağlı təzyiq göstərməyə razı salmaq niyyətindədir.
Cavid