Milli Məclisdə büdcə müzakirələri davam etdirilib
27 Noyabr 23:45
İsrail ABŞ-ın Livanda hərbi əməliyyatlara son qoymaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib.
Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“Hərbi-siyasi kabinet bu axşam ABŞ-ın Livanda atəşkəslə bağlı təklifini təsdiqləyib. Qərarı 10 nazir dəstəkləyib, biri əleyhinə çıxıb. İsrail bu prosesə verdiyi töhfəyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir və hər hansı təhlükəyə qarşı tədbir görmək hüququnu özündə saxlayır”,-ofisin açıqlamasında deyilir.
Livanın Baş naziri Nəcib Mikati Livan-İsrail sərhədində sabitliyi qaytaracaq əldə olunmuş razılaşmadan məmnunluğunu ifadə edib. O, bu barədə ABŞ prezidenti Cozef Baydenlə telefon danışığında bildirib.
“Mən bu sənədi atəşkəs üçün yol xəritəsi kimi qiymətləndirirəm. Livanda sülh və sabitliyin yayılması istiqamətində atılan bu mühüm addımı bəyənirəm. Bu, köçkünlərin öz şəhərlərinə və evlərinə qayıtmasını asanlaşdıracaq”, - Baş nazir vurğulayıb. Onun sözlərinə görə, müqavilənin həyata keçirilməsi regional sabitliyin yaradılmasına kömək edəcək.
ABŞ Prezidenti Cozef Bayden də tərəflər arasında əldə olunan razılaşma ilə bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Yaxın Şərqdən yaxşı xəbərlərim var. Mən Livanın və İsrailin Baş nazirləri ilə danışdım. Mən məmnuniyyətlə elan edirəm ki, onlar ABŞ-ın İsrail və Hizbullah arasında dağıdıcı münaqişəyə son qoymaq təklifini qəbul ediblər", - deyə Bayden bildirib.
İsrail Prezidenti İsaak Hersoq özünün “X” sosial media hesabında yazıb ki, Livandakı əməliyyatların dayandırılmasından sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları azad etmək üçün fəaliyyətə diqqət yetirməlidir.
“İndi biz fürsətdən istifadə edib Qəzzada oğurlanmış qardaş və bacılarımızı geri qaytarmaq üçün daha möhkəm və bütün gücümüzlə hərəkət etməliyik. Biz bunu təcili həll etməliyik. Yaranan razılaşma yalnız bir sınaqdan keçməli olacaq - İsrailin şimalının bütün sakinləri üçün tam təhlükəsizliyi təmin etmək. Aydın olmalıdır: İsrail dövləti öz vətəndaşlarını istənilən vaxt, istənilən yerdə və istənilən vasitə ilə qoruyacaq. Düşmənlərimiz bilməlidir: əvvəllər necə idisə, bundan sonra elə olmayacaq”, - deyə o qeyd edib.
BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasshart İsrail hökumətinin Livanda hərbi əməliyyatları dayandırmaq qərarını alqışlayıb.
Onun sözlərinə görə, tərəflər arasında ələ edilən razılaşma BMT-nin 1701 saylı qətnaməsinin tam icrasına əsaslanan mühüm prosesin başlanğıc nöqtəsidir:
“Məqsəd Livan və İsrail arasındakı sərhədin hər iki tərəfində mülki əhalinin təhlükəsizliyini və müdafiəsini bərpa etməkdir. Razılaşmanın davamlı olması üçün hər iki tərəfin tam və sarsılmaz öhdəlikləri olmalıdır. İndi bugünkü nailiyyətləri möhkəmləndirmək üçün konkret tədbirlərlə əldə olunanları təsdiq etməyin vaxtıdır”.
BMT-nin Baş katibi Antonio Quterreş isə razılaşmanın hər iki ölkənin xalqının zorakılığına, dağıntılarına və iztirablarına son qoyacağına ümid edib.
Baş katib tərəfləri sazişdə nəzərdə tutulmuş bütün öhdəliklərə tam əməl etməyə və operativ şəkildə yerinə yetirməyə, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası istiqamətində addımların atılmasına çağırıb.
Cavid