"Qərb Gürcüstana öz iradəsini diktə edə bilməz" Dünya
Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq barədə qərar qəbul etməsi bu ölkənin suveren hüququdur. Heç bir kənar qüvvə, o cümlədən Brüssel də Gürcüstana öz iradəsini diktə edə bilməz. Əlbəttə, Qərb, Gürcüstandan da alət kimi istifadə etmək üçün "ikinci Ermənistan" və ya Cənubi Qafqazı öz nəzarətinə götürmək üçün "ikinci Ukrayna" düzəltmək istəyir. Tbilisidə polislə etirazçılar arasında növbəti qarşıdurmaların yaşanması da məhz bundan qaynaqlanır.
Bunu" Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.
O, qeyd edib ki, başqa sözlə desək, bu dəfə “Maydan” ssenarisini məhz Gürcüstanda həyata keçirmək istəyirlər. Bu məqamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Tbilisidə keçirdiyi brifinqdə vurğuladı. Bəli, artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyə çalışırlar. Qərbin “beşinci kolon”u rolunu yerinə yetirən yerli radikallar və onların xarici himayədarları ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa can atırlar:
"Lakin Gürcüstanın Qərbin əlində oyuncağa çevrilməsi mümkün deyil. Avropa İttifaqının bu istiqamətdəki planlarının hamısı iflasa uğrayıb. Rəsmi Tiflisin noyabrın 29-da qəbul etdiyi qərardan da bir daha aydın oldu ki, Gürcüstanda “yerli Maydan” ssenarisi təkrarlana bilməz. Qərbin bu ölkədə “rəngli inqilab” ssenarisi həyata keçirmək cəhdləri DonKixotluqdan başqa bir şey deyil. Brüsseldəki Aİ bürokratiyası artıq başa düşməlidir ki, onlar bu mərhələni böyük hesabla uduzublar".
Ə.Hüseynov onu da bildirib ki, ümumiyyətlə, Avropa İttifaqı bundan sonra Gürcüstanın daxili işlərinə qarışmaqdansa, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyi öyrənməlidir. Beynəlxalq hüquq suveren ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilələri yolverilməz hesab edir. Aİ rəhbərliyinin bu adi həqiqəti bilməməsi və ya qəsdən gözardı etməsi təəccüblüdür. Gürcüstan da Azərbaycan kimi müstəqil siyasət yürütmək xəttinə üstünlük verir. Qərb isə Gürcüstanın bu mövqeyinə hörmətlə yanaşmaq əvəzinə, öz nəzarətində olan partiyaların, ictimai təşkilatların və medianın vasitəsilə bu Cənubi Qafqaz ölkəsində sabitliyi pozmağa çalışır:
"Fransanın aparıcı rol oynadığı Avropa İttifaqının bu cür destruktiv-pozucu mövqeyi regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinə də ciddi əngəllər yaradır. Beləliklə, biz Qərbin bütün "qırmızı xətt"ləri pozduğunu görürük. Lakin Qərbin bu və ya digər dövlətlərin daxili işlərinə müdaxilə etmək cəhdləri onun öz əleyhinə işləyir. Region ölkələrinin Qərbə inam və etimadı tamamilə sıfırlanır" .
Cavid