“Ukrayna bölünür, növbədə...”-ekspert Dünya

“Ukrayna bölünür, növbədə...”-ekspert

“Gürcüstanda parlament seçkiləri bitər-bitməz məhz ABŞ-dən seçkinin şəffaflığının təmin olunması ilə bağlı mesajı ilə Gürcüstan Prezidenti Salome Zurabişvilinin seçkinin legitimliyini şübhə altına aldığı mesajı paralel idi. Yəni Gürcüstanda konstitusional əsasda böhran formalaşdırılır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, bu məsələlərlə paralel Gürcüstana son zamanlar Qərb institutları tərəfindən ayrılan maliyyənin artan məbləği ilə bağlı rəqəmlərə baxmaq kifayətdir: “Bundan aydın olur ki, Qərb Gürcüstanda doğrudan da istər konstitusional əsasda, istərsə də küçələrdə baş verəcək proseslərlə bağlı kənar ssenarilər mövcuddur. Hazırki dövrdə də baş verənlərə nəzərə alsaq artıq bu ssenarilərin tam “legitimləşdirmək” üzrə olduğunu görərik. Çünki parlament seçkilərindən 10 gün sonra konstitusiyanın şərtlərinə əsasən ölkə Prezidenti parlamentin birinci iclasını çağırmalı idi. Ancaq o, bunu etmədi və bu artıq parlament seçkilərinin şəffaf nəticələrini tanımamaqdır”.
Y.Hacıyeva əlavə edib ki, ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin “ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır”,-açıqlaması ilə onunla təqribən 2-3 dəqiqə fərqlə Gürcüstan Prezidentinin öz səlahiyyətlərini təhvil verməyəcəyi, Parlamentin legitim olmaması üzərindən məhz Prezidentlik postunda qalacağı ilə bağlı açıqlaması əslində sinxron gedən proseslərdir: “İstər birinci dəfə seçki günü axşamı ABŞ Dövlət Departamenti və rəhbəri Entoni Blinkenin açıqlamaları, istərsə də Dövlət Departamentinim sözcüsü Millerin açıqlaması ilə az qala eyni saatda prezident Zurabişvilinin verdiyi açıqlamalarındakı sinxronluq Gürcüstanla bağlı ortada ciddi ssenarilərin olmasına dəlalət edir”.
Politoloq bütün bunların fonunda Ukraynanın bölünməsi ilə bağlı mesajların da açıq səslənməkdə olduğunu nəzərə almaq lqzımdır: “Ölkə Prezidenti Volodimir Zelenski Ukraynanın itirilmiş ərazilərdən vaz keçəcəyi anlamına gələn mesajlar səsləndirməkdədir. Bu da artıq o deməkdir ki, Ukraynanın bölünməsi ilə bağlı məsələ artıq “legitimləşdirilir” və görsənəni odur ki, növbədə Gürcüstandır”.

Röya israfilova