İsraildə azan qadağan edildi Dünya

İsraildə azan qadağan edildi

Milli təhlükəsizlik naziri İtamar Ben Qvir İsrail polisinə məscidlərdə azanın səsgücləndiricilər vasitəsilə yayımlanmasını qadağan etməyi tapşırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.

Məlumata görə, yeni siyasət polisə məscidlərə girməyə və səsgücləndirici avadanlıqları müsadirə etməyə imkan verəcək. Azanın yüksək səslə oxunduğu məscidlər də cərimələnəcək.

Ultramillətçi nazir bu siyasəti təqdim etməkdən “qürur duyduğunu” deyib və bu siyasətin “İsrail sakinləri üçün təhlükəyə çevrilən məscidlərdən gələn əsassız səs-küyə” son qoyacağını vurğulayıb.

İsrailin müxalif siyasətçiləri isə bu qərarı etnik-milli ayrı-seçkilik yaradacağını, Ben Qvirin "ərəblərə qarşı nifrət və təqib üzərində baza qurduğunu" bildiriblər.