2000 manatlıq inəyinizi canavar yesə pulu ödənə bilər...
4 Dekabr 23:28
Gürcüstanda baş verən proseslərin əslində haradan qaynaqlandığı hər kəsə bəllidir. Xalqın seçiminə hörmətsizlik və xaosa rəvac vermək cəhdləri müşahidə olunur. Ekspertlər hesab edirlər ki, hökumətin devrilməsinə yönəlik aksiyalar Qərbin diktəsi ilə həyata keçirilir. “Xalq Cəbhəsi” məsələni millət vəkilləri, siyasi şərhçilərlə araşdırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Qərbin Gürcüstanda öz hədəflərinə və məqsədlərinə nail olmağa çalışdığını deyib: “Küçələrdəki qarşıdurmalara Gürcüstan Prezidenti də qoşulub. Bu Gürcüstan dövlətçiliyi üçün təhlükəli tendensiyadır”.
Deputat bildirib ki, bu gün biz Qərbin daha bir zorakı addımlarını açıq-aydın Gürcüstan nümunəsində görürük: “Yəni onlar bir tərəfdən başqa bir məlumatı qeyd edirlər, demokratiyanı dəstəklədiklərini deyirlər, amma digər tərəfdən isə Gürcüstanda legitim hakimiyyətə qarşı müəyyən addımlar atırlar. Ona görə də biz çalışmalıyıq ki, bu istiqamətdə proseslərə öz qiymətimizi verək. Biz uzun müddətdir Qərbin Azərbaycanda bir sıra addımlar atmağa çalışdığını görürük. Hesab edirəm ki, o anlamda da bu proseslər bizim üçün olduqca maraqlıdır”.
C.Məmmədov vurğulayıb ki, bu istiqamətdə Azərbaycan öz mövqeyini hər zaman ortaya qoyub, bu gün də qoyur: “Biz hər bir məsələyə sivil, mədəni yanaşmanın tərəfdarıyıq. Hesab edirik ki, Qərbin Gürcüstanda etmək istədiyi beynəlxalq hüquqa hörmətsizlikdir. Bu həm də Gürcüstanın daxili işlərinə müdaxilədir. Onlar Gürcüstanın daxili işlərinə qarışırlar və müəyyən proseslərin də həyata keçməsinə çalışırlar. Bu, qəbuledilməz bir addım, problem yaradan bir məsələdir. Biz də bu istiqamətdə çalışmalıyıq ki, ölkəmizə təsirlərinin qarşısının alınması üçün müəyyən addımlar ataq və tədbirlər görək”.
“Qərb Gürcüstandakı nəzarətini itirməklə barışmaq istəmir”
Politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Qərbin Gürcüstandakı seçkilərə ciddi müdaxilə edəcəyi gözlənilən idi: “Ona görə də Qərb bu seçkilərə xüsusi hazırlaşırdı. Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin qəbul olunması Qərb siyasi dairələrində çox ciddi qıcıq yaratmışdı. Çünki Qərbin nəzarətində olan təxminən 20-25 min qeyri-hökumət təşkilatı Gürcüstanda fəaliyyət göstərir və o, çox ciddi sosial bazadır. Qərb həmin qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstanın daxili-siyasi həyatına birbaşa təsir edə bilirdi. Bir sözlə, Gürcüstanı nəzarətdə saxlaya bilirdi”.
O qeyd edib ki, Qərb heç bir halda Gürcüstandakı nəzarətini itirməklə barışmaq istəmir: “Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri zamanı və seçkilərdən sonra ciddi ixtişaşlar olacağı gözlənilən idi. Bu gün biz görürük ki, Gürcüstandakı etirazlar Qərb tərəfindən çox ciddi hazırlanıb və koordinasiya olunub. Çünki orada xüsusi hazırlıqlı, bəzi vasitələrlə təmin olunmuş insanlar mövcuddur. Bir qayda olaraq bu ssenarilər Ukraynada və digər yerlərdə rəngli inqilablar zamanı Qərbin istifadə etdiyi ssenaridir. Bu, aydın müşahidə olunmaqdadır”.
“Bu, Qərbin təhlükəli siyasətidir”
E.Mirbəşiroğlu Qərbin Gürcüstanda idarə olunan rejim görmək istədiyini, ona görə də demokratiya, demokratik seçkilər, insan hüquqları məsələlərinin əslində Qərb siyasi dairələrinin əlində bir alət olduğunu vurğulayıb.
Politoloqun sözlərinə görə, bu gün Gürcüstanda öz milli maraqları çərçivəsində fəaliyyət göstərən hökumət mövcuddur və Gürcüstandakı seçkilər nəticəsində də parlament formalaşdı: “Amma Qərb bu seçkilərin legitimliyini aşkar şübhə altına alır və Gürcüstandakı etiraz aksiyalarını da çox yaxından heç gizlətmədən koordinasiya edir. Biz öncə də gördük ki, bir neçə ölkənin hətta səfirləri də etiraz aksiyalarında iştirak edirdi. Bu da onu göstərir ki, Gürcüstandakı hazırkı müşahidə olunan proseslər kənardan idarə olunur. Məqsəd isə Gürcüstanın daxili işlərinə qarışmaq, Gürcüstanın müstəqil siyasət yürütmək imkanlarını məhdudlaşdırmaqdır. Qərb Gürcüstanda loyal siyasi rejim formalaşdırmaq istəyir ki, gələcəkdə bütövlükdə Cənubi Qafqaz regionunda özünün təsir imkanlarını genişləndirsin. Sözsüz ki, bu, Qərbin təhlükəli bir siyasətidir. Biz növbəti dəfə görürük ki, Qərb, ümumiyyətlə, demokratiya, insan hüquqları amillərini özünün maraqları üçün istifadə edir və bir imitasiya vasitəsi kimi bu amilləri tətbiq etməkdədir”.
“Ukrayna bölünür, növbədə...”
Politoloq Yeganə Hacıyeva vurğulayıb ki, Gürcüstanda parlament seçkiləri bitər-bitməz məhz ABŞ-dən seçkinin şəffaflığının təmin olunması ilə bağlı mesajı ilə Gürcüstan Prezidenti Salome Zurabişvilinin seçkinin legitimliyini şübhə altına aldığı mesajı paralel idi: “Yəni Gürcüstanda konstitusional əsasda böhran formalaşdırılır. Bu məsələlərlə paralel Gürcüstana son zamanlar Qərb institutları tərəfindən ayrılan maliyyənin artan məbləği ilə bağlı rəqəmlərə baxmaq kifayətdir. Bundan aydın olur ki, Qərbin Gürcüstanda doğrudan da istər konstitusional əsasda, istərsə də küçələrdə baş verəcək proseslərlə bağlı kənar ssenariləri mövcuddur. Hazırkı dövrdə də baş verənlərə nəzərə alsaq artıq bu ssenarilərini tam “legitimləşdirmək” üzrə olduğunu görərik. Çünki parlament seçkilərindən 10 gün sonra konstitusiyanın şərtlərinə əsasən ölkə Prezidenti parlamentin birinci iclasını çağırmalı idi. Ancaq o, bunu etmədi və bu artıq parlament seçkilərinin şəffaf nəticələrini tanımamaqdır”.
Y.Hacıyeva əlavə edib ki, ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin “ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır” açıqlaması ilə onunla təqribən 2-3 dəqiqə fərqlə Gürcüstan Prezidentinin öz səlahiyyətlərini təhvil verməyəcəyi, Parlamentin legitim olmaması üzərindən məhz Prezidentlik postunda qalacağı ilə bağlı açıqlaması əslində sinxron gedən proseslərdir: “İstər birinci dəfə seçki günü axşamı ABŞ Dövlət Departamenti və rəhbəri Entoni Blinkenin açıqlamaları, istərsə də Dövlət Departamentinin sözcüsü Millerin açıqlaması ilə az qala eyni saatda prezident Zurabişvilinin verdiyi açıqlamalarındakı sinxronluq Gürcüstanla bağlı ortada ciddi ssenarilərin olmasına dəlalət edir”.
Politoloq bütün bunların fonunda Ukraynanın bölünməsi ilə bağlı mesajların da açıq səslənməkdə olduğunu nəzərə almaq lazım olduğunu deyib: “Ölkə Prezidenti Volodimir Zelenski Ukraynanın itirilmiş ərazilərdən vaz keçəcəyi anlamına gələn mesajlar səsləndirməkdədir. Bu da artıq o deməkdir ki, Ukraynanın bölünməsi ilə bağlı məsələ artıq “legitimləşdirilir” və görünəni odur ki, növbədə Gürcüstandır”.
“Qərbin Gürcüstanla bağlı imperial hədəfləri var”
Politoloq Telman Nüsrətoğlu Gürcüstan dövlətçiliyinin gələcəyi baxımdan çox təhlükəli bir vəziyyət yarandığını vurğulayıb: “Çünki kəskin qütbləşmə davam edir və antaqonist xarakter alır. Bir-biri ilə geosiyasi mübarizə içərisində olan qüvvələrin Gürcüstan üzərindəki hesablaşma mərhələsi başlayıb".
O qeyd edib ki, bir tərəfdən İvanişvili cəbhəsi daha çox Avropa İttifaqı ilə münasibətləri çərçivələndirərək Rusiya ilə münasibətlərini normallaşdırmaq siyasəti izləyir: "Müxalifət isə nə qədər parçalanmış, bölünmüş vəziyyətdə olsa da, o daha çox Qərbə istiqamət almış bir qüvvədir. Burada, əlbəttə, Qərbin bölgə ilə bağlı imperial hədəfləri var. Söhbət bütövlükdə Qərbdən gedir, amma Avropa İttifaqının bura ilə bağlı daha fərqli bir hesabları vardı. Yəni zamanında cənab Prezident ifadə etmişdi ki, Avropa burada ayrışdırıcı xətlər cızmağa çalışır. Ermənistan və Gürcüstanı Avropaya inteqrasiya etmək siyasəti izləyirdilər. Türkiyənin Avropa Birliyinə üzvlük üçün müraciətinin yarım əsrdən çox olmasına baxmayaraq amma onu qəbul etmədilər. Hətta Türkiyəyə viza sərbəstliyi belə verilmədi. Amma Gürcüstanda bu asanlaşmaların hamısını apardılar. Burada da təbii ki, onların bölgə ilə bağlı geosiyasi maraqları əsas rol oynamışdı. Lakin hazırkı durumda Avropa İttifaqı, ümumiyyətlə, yeni dünya nizamı uğrunda gedən mübarizədə geniş coğrafiyalarda təsir imkanlarını itirən bir tərəfdir. Gürcüstan məsələsində də Avropa İttifaqı, yəni Qərb imkanlarını itirməkdədir”.
“Gürcüstan hadisələrindən çıxaracağımız dərs var”
T.Nüsrətoğlu bəzi mafioz qrupların Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrinə Rusiyadan təsiri bütün bunlar prosesi küçələrə, inqilabi nöqtələrə daşıma təhlükəsini artırır: “Təbii ki, iqtidarda olan İvanişvili Gürcü Arzusu cəbhəsinin də ölkə içərisində böyük təsir imkanları var. Bu artıq bir xaos və stabilliyin, sabitliyin pozulması anlamına gələ bilər. Azərbaycanın və Türkiyənin maraqları baxımından da Gürcüstanda sabitliyin olması, orada milli maraqlar zəminində siyasətin icra edilməsi, müstəqil bir Gürcüstanın inşa edilməsi çox vacibdir. Çünki bizim maraqlarımız regionun kənar müdaxilələrdən arındırılmasını, bu müdaxilələrə imkan verilməməsini tələb edir”.
Politoloq, eyni zamanda, Gürcüstanın Azərbaycanın müttəfiqi olan ölkə olduğunu deyərək bu mənada orada sabitliyin olmasının, hər hansı təhlükənin olmamasının önəmli olduğunu bildirib: “Əslində bu məsələlər bir də Azərbaycanın balanslaşdırılmış siyasətinin doğru olduğunu da göstərir. Yəni regionda Gürcüstan və Ermənistan örnəklərinə baxdığımız zaman necə təhlükəli vəziyyət yarandığını görə bilirik. Rəqabətin məkan halına gəlməsi nəticəsində balanslaşdırılmış siyasət və eyni zamanda iqtisadi müstəqilliyin hər şeydən ön plana çıxarılması. Gürcüstanda Qərbin əsas təsir imkanlarından birisi qeyri-hökumət təşkilatları, siyasi partiyalar, oradan gələn maliyyə axınıdır. Orada bir qisim insanlar rifahlarını, həyatlarını o təşkilatlardan gələn qrantlar hesabına təmin edirlər. Gürcüstan hadisələrindən bizim də çıxaracağımız kifayət qədər dərs var”.
Röya İsrafilova