Qərb Gürcüstanı Ukraynaya çevirmək istəyir Dünya

Qərb Gürcüstanı Ukraynaya çevirmək istəyir

28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin hökumətin qərarına əsasən, ölkə 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacağı və bu müddət ərzində heç bir büdcə qrantı qəbul etməyəcəyi bəyanından sonra ölkədə genişmiqyaslı etiraz dalğası yaranıb. 28 noyabrdan bəri Tbilisi, Batumi və digər iri şəhərlərdə hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmasına qarşı etiraz aksiyaları davam edir. Ən izdihamlı aksiyalar isə 28 noyabr tarixindən bəri Tbilisidə keçirilir. Ölkənin təhlükəsizlik qüvvələri aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edir. Aksiyaçılar parlament binasından uzaqlaşsa da, Rustavelli prospektində etirazı davam etdirirlər. DİN əməkdaşları təhlükəsizliyi təmin etmək üçün parlament ərazisində aksiya iştirakçılarından gələn zorakı hərəkətləri dəf edirlər. Polislərə pirotexnika və metal əşyalar atılıb, 100-dən çox polis əməkdaşı yaralanıb. Ölkədə vəziyyət gərgindir, Avropadan ruhlanan müxalifət geri çəkilmək istəmir. Dünən xüsusi təyinatlılar Parlamentin önündə aksiyanı DİN-in xəbərdarlığının ardından dağıtdıqdan sonra Respublika Meydanına üz tutan aksiya iştirakçılarından bir qismi yenidən Rustaveli prospektinə qayıdaraq etirazların ikinci dalğasını başladıb.

Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib ki, müxalifətlə heç bir danışıq olmayacaq. O, qeyd edib ki, əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planı var. Baş nazir İrakli Kobaxidze ölkədə əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planının olduğunu və bu planın həyata keçirilməsinə xarici maliyyə yardımı alındığını qeyd edib. Onun sözlərinə görə, Gürcüstanda "Maydan" heç vaxt keçirilməyib və keçirilməyəcək. "Biz görürük ki, razılaşdırılmış və əvvəlcədən yazılmış bir plan var və bu plana xarici maliyyə dəstəyi cəlb edilib. Bu planın həyata keçirilməsi məqsədilə bəzi insanlar qanun qəbul edilməsi zamanı şəffaflıqdan qaçmaq istəyirdilər. Beləliklə, inqilabi ssenarilər qeyri-müəyyən şəkildə maliyyələşdirildi. Son 4 ildə 3 inqilabi cəhd gördük. Biz bu prosesi xarici maliyyə dəstəyi ilə müşahidə etdik", - İ.Kobaxidze qeyd edib.

O əlavə edib ki, Gürcüstan ləyaqətli ölkədir: "Müstəqilliyimiz və suverenliyimizlə qürur duyuruq və əlbəttə ki, sona qədər ehtiyatlı olacağıq. Heç kimə müstəqilliyimizi və suverenliyimizi xarici müdaxilə yolu ilə zədələməyə imkan verməyəcəyik”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Gürcüstanda baş verən hadisələrdə narıncı inqilab etmək cəhdinin bütün əlamətləri var.

O vurğulayıb ki, hazırda Gürcüstanda baş verənlərin hamısı ölkənin daxili işləridir, Rusiya heç vaxt onlara qarışmayıb və qarışmır.

“Vəziyyəti sarsıtmaq cəhdi var. Biz bunu bir sıra ölkələrdə görmüşük. Narıncı inqilabın həyata keçirilməsinin bütün əlamətləri...”, - Kreml nümayəndəsi bildirib.

O əlavə edib ki, Gürcüstan hakimiyyəti vəziyyəti sabitləşdirmək və ölkəni sakit vəziyyətə salmaq üçün tədbirlər görür.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov son günlər Gürcüstanda baş verən hadisələrə münasibətində deyib ki, gürcü xalqı heç bir xarici qüvvənin əlində alət olmamalıdır, Qərbin Gürcüstanda iğtişaşlar törətməklə dövlət çevrilişi etmək şəhid alınmayacaq.

Onun fikrincə, Qərb məkrli planı Gürcüstanda həyata keçirmək üçün QHT-ləri maliyyələşdirmə mexanizmindən istifadə edir, dövlət içərisində öz dayaqlarını qurmaq və öz gündəliyini qəbul etdirmək, hətta LGBT və ifrat liberal sağçı düşərgələrin yaratmaq niyyətindədir: "Qərbin əsas məqsədi ideoloji əsasda gürcü xalqının milli kimliyi və qürurunun, tarixinin və adət-ənənələrinin arxa plana keçməsi və onun yerinə yad LGBT və ifrat sağçı qüvvələrin ön plana atılmasını təmin etməkdir.

Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarına çalışılır. Gürcüstana Balkan ölkələrindən, Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirilib və onların arasında silahlı təxribatçıların da olması istisna deyil. Etirazçıların onlar tərəfindən odlu silahla vurulması və sonra bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalı Qərb tərəfində məharətlə yerinə yetirilir".

O, qeyd edib ki, Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi Gürcüstan üçün də eyni ssenariləri cızır: "Gürcü xalqı müdriklik nümayiş etdirməli və heç bir xarici qüvvənin əlində alət olmamalıdır".

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun fikrincə, Qərb Gürcüstana öz iradəsini diktə edə bilməz. O, vurğulayıb ki, Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq barədə qərar qəbul etməsi bu ölkənin suveren hüququdur. Heç bir kənar qüvvə, o cümlədən Brüssel də Gürcüstana öz iradəsini diktə edə bilməz. Əlbəttə, Qərb, Gürcüstandan da alət kimi istifadə etmək üçün "ikinci Ermənistan" və ya Cənubi Qafqazı öz nəzarətinə götürmək üçün "ikinci Ukrayna" düzəltmək istəyir. Tbilisidə polislə etirazçılar arasında növbəti qarşıdurmaların yaşanması da məhz bundan qaynaqlanır.

Ə.Hüseynov qeyd edib ki, başqa sözlə desək, bu dəfə “Maydan” ssenarisini məhz Gürcüstanda həyata keçirmək istəyirlər. Bu məqamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Tbilisidə keçirdiyi brifinqdə vurğuladı. Bəli, artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyə çalışırlar. Qərbin “beşinci kolon”u rolunu yerinə yetirən yerli radikallar və onların xarici himayədarları ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa can atırlar: "Lakin Gürcüstanın Qərbin əlində oyuncağa çevrilməsi mümkün deyil. Avropa İttifaqının bu istiqamətdəki planlarının hamısı iflasa uğrayıb. Rəsmi Tiflisin noyabrın 29-da qəbul etdiyi qərardan da bir daha aydın oldu ki, Gürcüstanda “yerli Maydan” ssenarisi təkrarlana bilməz. Qərbin bu ölkədə “rəngli inqilab” ssenarisi həyata keçirmək cəhdləri Don Kixotluqdan başqa bir şey deyil. Brüsseldəki Aİ bürokratiyası artıq başa düşməlidir ki, onlar bu mərhələni böyük hesabla uduzublar".

Ə.Hüseynov onu da bildirib ki, ümumiyyətlə, Avropa İttifaqı bundan sonra Gürcüstanın daxili işlərinə qarışmaqdansa, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyi öyrənməlidir. Beynəlxalq hüquq suveren ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilələri yolverilməz hesab edir. Aİ rəhbərliyinin bu adi həqiqəti bilməməsi və ya qəsdən gözardı etməsi təəccüblüdür. Gürcüstan da Azərbaycan kimi müstəqil siyasət yürütmək xəttinə üstünlük verir. Qərb isə Gürcüstanın bu mövqeyinə hörmətlə yanaşmaq əvəzinə, öz nəzarətində olan partiyaların, ictimai təşkilatların və medianın vasitəsilə bu Cənubi Qafqaz ölkəsində sabitliyi pozmağa çalışır: "Fransanın aparıcı rol oynadığı Avropa İttifaqının bu cür destruktiv-pozucu mövqeyi regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinə də ciddi əngəllər yaradır. Beləliklə, biz Qərbin bütün "qırmızı xətt"ləri pozduğunu görürük. Lakin Qərbin bu və ya digər dövlətlərin daxili işlərinə müdaxilə etmək cəhdləri onun öz əleyhinə işləyir. Region ölkələrinin Qərbə inam və etimadı tamamilə sıfırlanır" .

Politoloq Azər Qasımov da müxalifətin mitinqlər və iğtişaşlarla istəklərinə nail ola bilməyəcəyini deyib: “Gürcü xalqı müasir tarixində gələcəyinin necə olacağı uğrunda mübarizə aparır. Həm hakimiyyət, həm də müxalifət Gürcüstanın gələcəyini öz istədikləri yolla getməsinin mübarizəsinə qalxıb. Demək olmaz ki, tərəflər öz seçimlərində doğru fikirləşmirlər”.

Onun sözlərinə görə, hər iki tərəfin öz haqlı tərəfləri var. Amma Gürcü xalqı hansı yolu seçəcək? Göründüyü kimi Gürcü xalqı ikiyə bölünüb. Həm Avrointeqrasiya tərəfdarları, həm də deyildiyi kimi Rusiyayönlü deyil, sadəcə geosiyasi durumu doğru dəyərləndirməyi təklif edən hakimiyyət çalışır ki, Gürcü xalqı əvvəllər etdiyi səhvləri etməsin: "Müxalifət bu məsələni ölüm-qalım məsələsi hesab edir. Hesab edir ki, bu məqamda Gürcüstan Avropa və Qərbdən imtina edəcəksə, artıq onların gələcəyi, hətta ölkənin müstəqilliyi təhlükə altına düşəcək. Amma, hesab edirəm ki, bu, yanlış baxış bucağıdır. Rusiyanın işğal etdiyi Gürcüstan torpaqlarını geri qaytarması ehtimalı danışılır. Buna görə hələlik Avropaya inteqrasiyadan hələlik vaz keçmək olar. Görünən odur ki, müxalifət hesab edir ki, bunun üçün Rusiyanın yanında olmaq lazım olacaq və ölkə demokratik cəmiyyətdən avtokratik idarəetməyə çevriləcək. Hadisələrin gedişatı onu göstərir ki, Gürcü hakimiyyəti yolundan dönməyəcək. Müxalifətin indiki imkanlarla hakimiyyəti fikrindən döndərmək və ya hakimiyyəti güc yolu ilə ələ almaq şansları yox dərəcəsindədir. Sadəcə mitinqlərlə və iğtişaşlarla istəklərinə nail ola bilməyəcəklər. Bu, sadəcə Gürcüstanın idarəçiliyini təhlükə altına alacaq ki, bundan da Gürcü xalqı əziyyət çəkəcək".

Cavid