“Təhrir əl-Şam” Əsədə meydan oxuyur Dünya

“Təhrir əl-Şam” Əsədə meydan oxuyur

Suriyada üsyançılarla ordu arasında qarşıdurma səkkizinci gündür ki, davam edir. Hökumət qüvvələri 2012-ci ildən bəri ilk dəfə Hələbə nəzarəti itirib. Yaraqlılar Suriya ordusunun silah və texnikanı, o cümlədən Rusiyanın Pantsir-S1 hava hücumundan müdafiə raket sistemlərini və tam sursatı olan Uraqan MLRS-ni tərk etdiyi ən azı iki hava bazasını ələ keçirib.

Rusiyanın “Hərbi xəbərçi” Teleqram kanalı “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının Hələb yaxınlığındakı Kvayres aviabazasına döyüşsüz daxil olduğunu yazıb. Belə ki, bazadakı Suriya rejim qüvvələri heç bir müqavimət göstərmədən təslim olublar. Buradakı böyük arsenal və hərbi texnika terrorçuların əlinə keçib. Üsyançılar atıcı silah, döyüş sursatı və zirehli texnika ilə yanaşı, Mi-8 helikopterini, L-39 döyüş təlim təyyarəsini və bəzi mənbələrə görə, S-200 zenit-raket kompleksini, o cümlədən Strela-10 özüyeriyən hava hücumundan müdafiə sistemi və Pantsir-S1 hava hücumundan müdafiə raket sistemini qənimət olaraq götürüblər.

Kanal iddia edir ki, HTŞ üzvləri İranın yeni kəşfiyyat və zərbə pilotsuz təyyarəsi Əbabil-3-ü, eyni zamanda “Uraqan”ı tam sursatı ilə ələ keçirib. Bundan əlavə, yaraqlılar T-72 və T-55 tanklarını, BTR-80 zirehli transportyorlarını, Qrad, 130 mm-lik M-46 topunu və digər sursatlar olan Suriya ordusunun tərk etdiyi Əbu əd-Duhur aviabazasını da nəzarətə götürüb. Kanalın məlumatına görə, İdlibin cənubunda terrorçular həmçinin altı T-62M tankı və iki 122 mm-lik “Qvozdika” ələ keçiriblər.

“Röyters”in məlumatına görə, Hələbdən başqa “Təhrir əl-Şam” silahlıları İdlibin cənubundakı Maarat ən-Numan şəhərini də ələ keçiriblər ki, bu da üsyançıların əyalət üzərində tam nəzarəti deməkdir. “Skat Nyus Arabia” İdlibin şərqindəki Şeyx İdris, Rayyan, Tal Debs və Əl-Kanais kəndlərinin də onların nəzarətinə keçdiyini yazıb. Kanal terrorçuların strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Saraqib şəhərini də tutduğunu bildirib.

Suriya ordusu isə əks-hücuma hazırlaşdığını, terrorçuların mövqeyinə zərbələr endirdiyini bildirib.

Səudiyyə Ərəbistanın “Elaf” nəşri məlumat yayıb ki, Suriya Prezidenti Bəşər Əsəd “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı mübarizə üçün İsraildən yardım istəyib.

Bildirilib ki, Bəşər Əsəd Avropadakı “ən güclü yardımçılarından birinin” vasitəsilə İsrailə bu mesajı göndərib.

İsrailin hansı cavabı verdiyi bəlli deyil.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller isə deyib ki, Ankara Suriyadakı vəziyyətin nizamlanması üçün öz təsir gücündən istifadə etməlidir. O, ötən gün ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında bu kontekstdə aparılan telefon danışığını xatırladıb.

“Biz bütün ölkələrin öz təsir imkanlarından istifadə etmələrini, eskalasiyanın sona çatmasını, mülki əhalinin müdafiəsini və nəticədə siyasi prosesin irəli getməsini təmin etmək istəyirik”, - deyə o bildirib. Onu da qeyd edək ki, dekabrın 7-8-də keçiriləcək Doha Forumu çərçivəsində Rusiya, İran, Türkiyə və Qətərin yüksək rütbəli nümayəndələrinin Suriyadakı vəziyyətlə bağlı görüş keçirəcəyi gözlənilir.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. "Çox güman ki, gələn həftə Qətər, İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyadakı vəziyyəti müzakirə etmək üçün Dohada görüş keçiriləcək”, - deyə “Əl-Cəzirə” İranın “Fars” agentliyinə istinadən xəbər verir.

Görüş Doha Forumu çərçivəsində xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində baş tuta bilər.

Politoloq Elşən Manafov "Xalq Cəbhəsi"nə deyib ki, Suriyada Əsəd iqtidarına qarşı müxalif qruplaşmaların Hələb və İdlib ətraflnda müşahidə edilən hücumlarının qabaqcıl texnoloğiyalarla təchiz edilməsi, bu hücumların aylarla planlaşdırıldiğınıı düşunməyə əsas verir, hücumların regional və beynəlxalq ölçuləri bölgədəki nizamı təsir altına yönəlmiş bir əməliyyatdır: “Hələb və İdlib vilayətlərində vəziyyəti yenidən nəzarət altına almaq, İrana məxsus qüvvələrin Suriyan sıxışdırılıb çıxarılmasına nail olmaq, hücumçuların qarşısında qoyulan əsas vəzifələrdəndir.

Bu hücumlar 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsinin tərkib hissəsi olmaqla iki xarici amillə də əlaqədardır.

Əvvəla, hücumlar “Hizbullah”ın İsraillə Livandakı məglubiiyyəti ilə əlaqədardır, maraqlıdır ki, İsrail Livanla atəşkəs barədə razılıq əldə etdikdən sonra bu hücumlar yaşanmışdır. Görunur “Hizbullah”ın Livandakı məğlubiyyəti onun Suriyadakı nüfuzuna təsirsiz ötuşməyib.

İkinci ehtimal qlobalistlərin ABŞ-dakı seçkiləri uduzduqdan sonra Rusiyanın ətrafında eskalasiyanı gücləndirməklə bir tərəfdən onun Ukrayna cəbhəsində güclənən hücumlarının səngiməsinə nail olmaq, digər tərəfdən isə ABŞ-ın yeni iqtidarı üçün əlverişsiz və mürəkkəb geosiyasi durumun daha da ağırlaşmasına nail olmaqdır”.

Suriyadan İran və onunla bağlı proiksi qüvvələrin sıxışdırılıb çıxarılmasına nail olmaq üçün İsrail ABŞ-la birgə hərəkət edir. Əvvəllər Türkiyənin dəstək verdiyi Suriya Azadlıq Ordusunun Əsəd qoşunlarına qarşı aktiv hərbi əməliyyatlara başlaması isə Suriya böhranının nizamlanmasına dair Rusiya, İran və Türkiyə arasında Astana razılıqlarının rəsmi Ankara tərəfindən pozulması təsiri bağışlayır, belə ki, Ankaranın dəstək verdiyi Suriya Azadlıq Ordusu legitim Əsəd hakimiyyətinə qarşı mübarizə aparır ki, bu da müstəqil Suriyaya təhdid və təcavüz anlamında qəbul oluna bilər və bu zaman Əsəd hakimiyyətinin devrilməsi ilə bağlı ABŞ, İsrail və Türkiyənin eyni mövqelərdən çıxış etməsi və eyni maraqlara köklənmələri təsiri bağışlayır: “Görunən odur ki, Türkiyənin Əsadə qarşı vuruşması Moskva, Ankara, Tehran formatında çatın yaranmasına və dərinləşməsinə səbəb ola bilər ki, bu da Yaxın Şərqi təhdid edən ABŞ-İsrail birliyinin xeyrinə işləyəcək faktor ola bilər. Ankara Astana sammitində Suriya böhranın çözülməsi ilə bağlı öz üzərinə göturdüyü öhdəliklərə əməl etməlidir, əks halda onun Netenyahu hökuməti ilə bağlı açıqlamalarının fərqli maraqlara söykənməsi ilə bağlı reallıqlar üzərində müttəfiqləri düşünməli olacaqlar”.

Politoloq Vüqar Dadaşovun fikrincə, Suriyada vəziyyətin gərginləşməsində maraqlı tərəflərlər haqqında müxtəlif fikirlər var. Heç şübhəsiz ki, bu proses də qlobal dünya bölgüsünün elementidir. Yaxın Şərqdə İsrail - Həmas, Livan arasında atəşkəsin əldə olunmasından dərhal sonra, Suriyada Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının Bəşər Əsəd rejiminə, Suriya ordusuna qarşı hücuma keçməsi heç də təsadüfi deyil. Suriyaya qarşı ABŞ sanksiyalarının müddəti bu ilin sonunda bitməli idi. Ancaq yeni gərginlik tətbiq edilən sanksiyaların uzadılmasını təmin edəcək. Suriyada konflikt yenidən alovlanandan sonra, ABŞ Dövlət Departamentinin açıqlamasında "Suriya siyasətimiz dəyişməyib və biz Əsədi hələ də əlləri günahsızların qanına bulaşmış qəddar bir diktator olaraq görürük" - deyə bildirib: “İsrailin yeni güc toplaması, İrana aid proksi qüvvələrin bərpası üçün və eləcə də İsrailin müharibəsinə qarşı beynəlxalq birliyin təzyiqlərini, hüquqi məhdudiyyətləri dəf etmək üçün atəşkəs zərurətə çevrilmişdi. Ancaq regionda-Yaxın Şərqdə müharibə davam etməli idi və yeni, ancaq ehtiyat gərginlik ocağının alovlanacağı gözlənilən idi.

İran və Rusiya Suriyada da eyni mövqedən çıxış edir. Bu günlərdə İran prezidenti Pezeşkian və Rusiya prezidentləri arasında Suriyadakı vəziyyəti müzakirə etməsi də məhz prosesin nəzarətdən kənar baş verdiyinin əlamətidir. Rusiya və İranın Suriyada hərbi mövcudluğu üçün nisbi sabitlik, nisbi sülh ən optimal variantdır. Həmçinin, İsrailin faktiki olaraq İrana aid qüvvələrə, siyasi lider və yüksək rütbəli hərbiçilərə qarşı uğurlu hərbi əməliyyatları İranı yeni gərginlikdən və iştirakçı olmaqdan çəkindirir.

Suriyada münaqişənin yenidən alovlanmasına ən az maraqlı tərəf Rusiyadır. Rusiya Ukraynada apardığı ağır müharibədə və verilən məlumatlara görə tərəflərin qarşılıqlı yeni hücuma hazırlaşdığı bir dövrdə Rusiya hərbi gücünü parçalamaqda maraqlı ola bilməz. Artıq Rusiya hərbi hava qüvvələri Suriya ordusuna kömək etməyə məcbur olub”.

O, qeyd edib ki, Rusiya Gürcüstanda, Ermənistanda da Qərblə açıq mübarizədədir. Türkiyəyə gəldikdə isə, bir neçə məqamı xatırlatmaq yerinə düşər. Suriyada Türkiyə, İran və Rusiya kimi, hərbi mövcudluğu ilə faktiki olaraq Bəşər Əsəd hakimiyyətinə, Rusiya və İrana qarşı qüvvədir. Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşmasına da Türkiyənin təsir imkanları böyükdür. ABŞ dövlət departamentinin rəsmisi Metyu Miller Türkiyədən Suradakı nüfuzundan istifadə edərək konflikti dayandırmağa kömək etməyə çağırması proseslərə Türkiyənin iştirakının sübutu kimi qiymətləndirilə bilər.

Suriyada uzun nisbi sakitlikdən sonra, heç şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında münasibətlərin normallaşması üçün cəhdlər edib. Bir neçə dəfə Türkiyə prezidenti cənab Ərdoğan Bəşər Əsədlə görüşməyə, müzakirəyə hazır olduğunu bəyan etsə də Bəşər Əsəd görüşdən yayınıb: “Bu il sentyabr ayında Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a uçmazdan əvvəl də, Suriya lideri Bəşər Əsədlə görüşməyə hazır olduğunu və qarşı tərəfdən cavab gözlədiyini açıqlamışdı. Lakin, Bəşər Əsəd Ərdoğanla görüşməkdən yenə də yayındı. Noyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak edib. Orada da Bəşər Əsədlə Ərdoğanın görüşü baş tutmayıb. Əlbəttə ki, Bəşər Əsədin Ərdoğana qarşı ardıcıl davranışı cavabsız qala bilməzdi baxmayaraq ki, Türkiyə rəsmi qaydada Suriyada alovlanan münaqişədə tərəf olmadığını açıqlayıb. İsrailin atəşkəsə razılaşmasından sonra, ehtiyat münaqişə ocağına ehtiyacın ortaya çıxması ilə Qərbin Türkiyə ilə maraqları Suriyada bir-birini tamamlayır. Hərçənd ki, vəziyətin Türkiyə ilə Rusiya arasında müharibə həddinə çatdırmaq ehtimalı yaratsa da, Rusiyanın Türkiyə ilə konfliktə gedəcəyi heç inandırıcı deyil. Bu Rusiyanın Türkiyə ilə həm siyasi-diplomatik, iqtisadi ehtiyaclarına və hərbi imkanlarına uyğun gəlmir”.

Cavid