Qərbin Suriya bazarlığı: Əsəd ABŞ-ın təklifi ilə razılaşsa, nə olacaqdı? - TƏHLİL Dünya

Qərbin Suriya bazarlığı: Əsəd ABŞ-ın təklifi ilə razılaşsa, nə olacaqdı? - TƏHLİL

2024-cü ilin dekabrında Yaxın Şərqin geosiyasi xəritəsində əsaslı dəyişikliyə yol açan hadisə - Suriyada hakimiyyət dəyişikliyi baş verdi. Rejim və müxalifət qüvvələri arasında 2020-ci ildən bəri dondurulmuş vəziyyətdə olan təmas xətti noyabrın 27-də qəfil hərəkətə gəldi. 11 gün ərzində müxalifət qüvvələri Hələb, Homs, Hama və nəhayət, paytaxt Dəməşq şəhərinə nəzarəti ələ alaraq 13 il davam edən vətəndaş müharibəsinə bir neçə gün ərzində son qoydu.

Bu məqamda rejim qüvvələrinin ciddi müqavimət göstərmədiyini, vahid hərbi idarəetmənin mövcud olmadığını, hərc-mərcliyin, hərbçilərin kütləvi halda təslim olmasını və fərarilik hallarının müşahidə olunduğunu qeyd etmək lazımdır. "Ərəb baharı"nın ən uzun və ən qanlı meydanına çevrilən Suriyada xalqın baş verən hadisələrdən yorğunluğu da döyüşlərin qısa zamanda başa çatmasında öz sözünü deyirdi. Beləliklə, vaxtı ilə Yaxın Şərqin ən stabil və hərbi planda güclü ölkələrindən biri sayılan Suriyada 1971-ci ildən hakimiyyətdə olan Əsəd rejiminə son qoyuldu, Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçdı.

Digər yandan, bütün dünya Suriyada Dəməşq yaxınlığındakı məşhur Sednaya həbsxanasından, onun yeraltı zindanlarından azad edilən yüzlərlə məhbusun videogörüntüsünə şahidlik etdi. İllərlə həbsxanalarda saxlanılan həmin şəxslərin bəzilərinin öldüyü güman edilirdi.

Bütün dünyanın diqqətinin Suriyanın gələcək taleyinə, ərazi bütövlüyü və dövlət quruluşunun hansı formada olacağı məsələlərinə yönəldiyi bu məqamda bəzi Qərb dairələri və KİV Suriyada hakimiyyət dəyişikliyinin pərdəarxası məqamları barədə feyk və doğru xəbərlərin sintezindən ibarət yazılar, informasiyalar yaydılar.

Nüfuzlu “Washington Post“ qəzeti öz mənbələrinə istinadən iddia edir ki, Bəşər Əsəd müxalif qüvvələrin sürətli irəliləyişi fonunda hakimiyyətinin gələcəyi ilə bağlı intensiv danışıqlar aparıb, o cümlədən ABŞ-a yardım üçün müraciət edib. Amma ABŞ Suriyaya qarşı sanksiyaları aradan qaldırmağa yalnız rəsmi Dəməşqin öz ərazisini İranın Livan Hizbullahını təchiz etmək imkanından məhrum etməsi qarşılığında edə biləcəyini bildirib. Əsəd müttəfiqləri İran və Hizbullahla bağlı bu təklifi qəbul etməyib və sonda hakimiyyətini itirib.

Analoji iddianı Qərb mediasının digər nüfuzlu orqanlarının da yayması bu məlumatda həqiqət payının olduğunu deməyə əsas verir. Amma bu məqamda bir daha Qərbin ikili standartları, Suriya hadisələrindən öz situativ maraqları, geosiyasi məqsədləri üçün faydalanmağa çalışdığını demək olar. Sednaya həbsxanasındakı dəhşətli görüntülər və bundan əvvəl ölkədə baş verən faciələr fonunda özünü demokratiya carçısı kimi qələmə verən ABŞ və müttəfiqləri Suriya hakimiyyəti ilə danışıqlar apararaq İran və Hizbullahla bağlı tələblər irəli sürüblər. Belə çıxır ki, Bəşər Əsəd Qərbin bu mövzuda tələblərini yerinə yetirsə idi, ABŞ müxalif qüvvələrin Suriya rejimini devirməsinə əngəl olacaq, ölkədə insan haqları və digər sahələrdə baş verənlərə göz yumacaqdı.

Ölkənin düşdüyü ağır situasiyada öz maraqları naminə Dəməşq qarşısında şərtlər qoymaqla, bu fakt bir daha öz təsdiqini tapmış olur. Bəşər Əsədin taleyi bir daha bütün tərəflərin, o cümlədən demokratik dəyərləri öz prioriteti elan edən Qərbin öz maraqlarının olduğunu, həmin maraqlar təmin ediləcəyi halda, bütün pozuntulara göz yummağa hazır olduğunu ortaya qoydu.

Analoji yanaşmanın, geosiyasi ambisiyalar üçün seçici yanaşmanın Yaxın Şərqin, ümumilikdə dünyanın digər regionlarındakı ölkələrə qarşı da tətbiq olunduğunu, tətbiq olunacağını gözləmək olar. Qərblə dialoqa gedən, onun tələblərini yerinə yetirərsə, digər bütün neqativlərinə göz yumulacaq “yaxşı ölkə”lər və müstəqil siyasət yürüdən, öz milli maraqlarını rəhbər tutan “təhlükəli ölkələr” kimi kateqoriyaların yaradıldığını görmək mümkündür.

İstənilən halda, Suriyada baş verən hadisələr 2011-ci ildə başlayan “Ərəb baharı”nı sonlandırmaqla yanaşı, Yaxın Şərqdə güc balansını da əsaslı sürətdə dəyişdi. Ötən ilin oktyabrında HAMAS-ın İsrailə hücumu regionun transformasiyasını sürətləndirdi, İranın regionda yaratdığı “müqavimət oxu” əsaslı sürətdə zəiflətdi və yeni situasiya yaratdı. Hadisələrin bundan sonra hansı səpkidə inkişaf edəcəyini söyləmək çətin olsa da, baş verənlər Yaxın Şərqin daha əvvəli kimi olmayacağını deməyə əsas verir.

APA Analytics