“Bu, Suriyada yaşanan ümummilli faciənin baş verməsinə səbəb oldu” Dünya

“Bu, Suriyada yaşanan ümummilli faciənin baş verməsinə səbəb oldu”

“Suriya ilə Ermənistan arasında müxtəlif sahələrdə kifayət qədər əməkdaşlıq olub. Onların bir cəbhə ilə çıxış etmələri artıq Yaxın Şərqdə müəyyən mənada dövlət subyekti olmayan ölkələrin hansısa bir tandemda olmasına və özlərinin başqa dövlətlərin, xüsusilə Qərb dövlətlərinin maraqlarının təmin olmasına xidmət edən bir forpost kimi çıxış etməsindən xəbər verir. Çünki onlar dövlət subyetki olmuş olsaydılar daha müstəqil siyasət yürüdərdirlər, o zaman biz həqiqətən Suriya xalqının maraqlarına cavab verən daxili bir siyasətin həyata keçirilməsinin şahidi olardıq. Amma bu, baş vermirdi”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.

A.Allahverənov əlavə edib ki, o zaman Suriya parçalanıb, müxtəlif Qərb ölkələrinin təsir dairələrinə düşən əyalətlərdən ibarət olub: “15 il ərzində gedən vətəndaş müharibəsi, hansı ki, bunu o dönəmdə dayandırmaq mümkün idi. Əgər Bəşər Əsəd hakimiyyətdən getməsi ilə bağlı daha ciddi addımlar atmış olsaydı bu müharibə də dayanardı, 500 mindən çox insan qətlə yetirilməzdi. Zamanında inkişaf edən, çiçəklənən bir dövlət iqtisadiyyatın bir çox sahələrində tənəzzül yaşamazdı, milyonlarla ölkə əhalisi başqa ölkələrdə sığınacaq axtarmazdı. Bunlar artıq onu göstərirdi ki, B.Əsədin öz ambisiyaları və bu ambisiyaları reallaşdırmaq üçün özünəxas diktatura rejimi ilə, xüsusilə Ermənistanla bir çox sahələrdə sıx əlaqədə olması məhz bu gün Suriyada yaşanan ümummilli faciənin baş verməsinə səbəb oldu. Bu da nəticə etibarı ilə özünün məntiqi sonluğuna çatdı, B.Əsəd hakimiyyətdən devrildi. Ümid edək ki, B.Əsədin yerinə gələn qüvvələr Suriyanı bu vətəndaş müharibəsindən çıxararaq daha praqmatik siyasət həyata keçirəcək və bu siyasət həyata keçirilən zaman bu və ya digər dövlətə qarşı sərt siyasət yürüdən dövlətlərdə özləri üçün dəstək axtarmazlar, Suriya xalqının gələcəyini fikirləşib daha doğru qərarlar verəcəklər”.

Röya İsrafilova