"Geopolitik baxımından əsas rolu Türkiyə oynayır" Dünya

"Geopolitik baxımından əsas rolu Türkiyə oynayır"

Suriyanın bölünəcəyinə proqnoz vermək olmaz. Amma ehtimallar ola bilər, ölkəyə İsrail, Türkiyənin birbaşa təsir imkanlarını nəzərə almaq lazımdır. Xüsusilə Türkiyənin Suriya ilə 900 kilometr uzunluqda sərhəddi var. Geopolitik baxımından əsas rolu Türkiyə oynayır.

Bunu "Xalq Cəbhəsi"nə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani Suriyanın gələcək taleyi ilə bağlı bildirib.

O, qeyd edib ki, İsrailin də Suriya ilə sərhəddi var. ABŞ da kürdləri dəstəkləyir, kürdlərin əli ilə iş görmək istəyir:

"Ukrayna müharibəsinə başı qarışdığından Rusiyanın Suriyada aktiv rol oynayacağına inanmıram. Livanda "Hizbullah", HƏMAS zəifləyib. Əvvəlki illərə nisbətən durum bir az sakitləşib. İranın Suriya ilə sərhəddi olsaydı onun da bu ölkəyə təsiri olardı. İranın Suriyada təsiri iranlıların orada ikili vətəndaşlıq almaları idi ki, məlumatlara görə onu pozub ölkəni tərk edirlər. Bu orada din amilinə, ölkədə təriqətlər arasında nifaq səbəb olacaqdı.
Bir tərəfdən İsrail gözünü Suriya torpağına dikib. İsrailin imkanı və gücü olsaydı qonşu ölkələrdən də torpaq zəbt edərdi. Bilirsiz, hazırda Suriyada məsələlər qarışıb, bir labirintlik yaranıb. Hələ bilinmir kimin, hansı ölkənin məqsədinin arxasında nə dayanıb. Yox, əgər ölkədə möhkəm hakimiyyət, dövlət qurulmasa, o zaman hərə oradan pay götürməyə çalışacaq. Hətta daxildəki bir-birinə müxalif olan qruplaşmalar, məzhəblər belə maraqlarını təmin etmək üçün baş qaldıracaqlar".

Cavid