Gürcüstan Litva və Estoniyaya cavab sanksiyaları tətbiq etməyəcək Dünya

Gürcüstan Litva və Estoniyaya cavab sanksiyaları tətbiq etməyəcək

Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-Gürcüstan qərarına qarşı çıxmaq hüququ və imkanı var, lakin biz belə bir addım atmağı məqsədəuyğun hesab etmirik.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan hökumətinin yaydığı bəyanatda belə qeyd olunub.

“Məlum olduğu kimi, Litva və Estoniya hökumətləri Gürcüstan hökumətinin 20 nümayəndəsinə, o cümlədən Gürcüstanın baş nazirinə qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul ediblər. Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-Gürcüstan qərarına qarşı çıxmaq hüququ və imkanı var, lakin biz Litva və Estoniya xalqına hörmət edərək belə bir addım atmağı məqsədəuyğun hesab etmirik. Gürcüstan, Estoniya və Litva xalqları arasında ənənəvi dostluğa xələl gətirməmək üçün hər iki dövlətlə birtərəfli dostluq rejimində qalmaq bizim qərarımızdır. Hamıya məlumdur ki, Estoniya və Litva bu gün Avropa İttifaqında ən məhdud suverenliyə malik olan və hökumətləri öz xalqının mənafeyinə uyğun deyil, xarici administrasiyaların diktəsi ilə hərəkət edən ölkələrdir. Adıçəkilən dövlətlərin hökumətlərinin öz ləyaqətinə zidd addımlar atmağa məcbur olmasının əsas səbəbi də budur. Təəssüf ki, 33 illik müstəqillik tarixinə baxmayaraq, Litva və Estoniya hakimiyyəti hələ də sovet təfəkküründən qurtula bilməyib. Dost Estoniya və Litva xalqlarına 2025-ci ildə suverenliyin möhkəmlənməsini və ən yaxşısını arzulayırıq", - hökumətin bəyanatında deyilir.