Mərakeşdə “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək Dünya

Mərakeşdə “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə müxtəlif cəmiyyətlərdə sülh və birliyin möhkəmləndirilməsinə dini dəyərlərin təsiri, dini dözümlülüyə maneələrin aradan qaldırılması yolları, dinlərarası harmoniyaya dəstək verə biləcək təşəbbüslərlə bağlı müzakirələr aparılacaq. Konfransda eyni zamanda Azərbaycanın dini tolerantlıq modeli və birgəyaşayış ənənələrini təmin edən qanunvericilik bazası haqqında məlumat veriləcək.

Konfransda Azərbaycan Respublikası və Mərakeş Krallığının dövlət və hökumət qurumlarının, beynəlxalq təşkilatlar, diplomatik korpus və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, dini liderlər, siyasətçilər, alim və tədqiqatçılar iştirak edəcəklər.

Tədbir çərçivəsində Azərbaycanın multikulturalizm ənənələrini, tarixi və dini abidələrini əks etdirən “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı fotosərgi nümayiş etdiriləcək.

Cavid