Ərdoğanın “Türkiyənin Suriyada nə işi var?” deyənlərə cavabı Dünya

Ərdoğanın “Türkiyənin Suriyada nə işi var?” deyənlərə cavabı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinqdə çıxışı zamanı Suriya ilə bağlı danışıb. Diqqətçəkən məqam isə Ərdoğanın “Türkiyənin Suriyada nə işi var?” deyənlərə cavabı oldu.
“Birinci Dünya müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zamanı şərtlər fərqli olsaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı. Bu şəhərlər sərhədlərimizdən kənarda qaldığı üçün oradakı insanlarımızla əlaqələrimizi bütünlüklə kəsməli deyildik!” – R.T.Ərdoğan deyib.
Ərdoğanın “Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı” sözləri birmənalı qarşılanmayıb. Hətta bunu Türkiyənin adıçəkilən ərazilərə ərazi iddiası kimi şərh edənlər var.
Türkiyə lideri haqlıdır. Həqiqətən, şərtlər fərqli olasaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka bu gün Türkiyənin əraziləri olardı. Məsələni daha aydın başa düşmək üçün iki tarixi sənədə diqqət etmək lazımdır:
1. Says-Piko sazişi;
2. Misak-ı Milli bəyannaməsi.

Əslində, bu iki sənəd bir-birinə əksdir. Says-Piko sazişi Yaxın Şərqin bölgüsünü əhatə edirdisə, Misak-ı Milli Bəyannaməsi Türkiyə Respublikasının təbii sərhədlərini əks etdirirdi. Buna görə də iki sənəd tam mənası ilə heç vaxt icra edilmədi.
Says-Piko sazişi Osmanlı sonrası Yaxın Şərqin siyasi xəritəsini böyük ölçüdə formalaşdırsa da, türklər Misak-ı Milli əsasında sonradan Antep, Hatay, Urfanı geri aldı. Bununla belə Türkiyə Hələb, İdlib, Həma, Dəməşq, Rakka, Mosul, Kərkükü ala bilmədi. Daha sonra BMT səviyyəsində dövlət sərhədləri tanındığı üçün məsələ səngiyərək hazırkı halını aldı.
Lakin Ərdoğanın məlum sözlərini Türkiyənin adıçəkilən ərazilərə iddiası kimi şərh etmək olmaz. Məsələ ondadır ki, İraq və Suriyada vəziyyət dəyişər, mərkəzi dövlət yaranmazsa, Türkiyə Misak-ı Milli Bəyannaməsi çərçivəsində hərəkətə keçə bilər. Amma faktiki olaraq Ankara bunu Suriyada etmədi. Halbuki etməsi üçün həm hüquqi baza, həm də geosiyasi şərait mövcud idi. Ankara vaxtında bunu etmədisə, bundan sonra da etməz. Ən azından hərbi yolla.
Əgər bir gün Hələb, İdlib, Həma, Dəməşq və Rakka Türkiyənin bir parçası olacaqsa, bu yalnız Ərdoğanın dediyi Hatay variantı ilə mümkün ola bilər. Yəni adıçəkilən ərazilər əvvəlcə Hatay kimi müstəqil olmalı, – misal üçün bir türkmən dövləti yaranmalı – daha sonra referendumla Türkiyəyə birləşməlidir. Lakin hələlik bu variant real görünmür.
Türkiyənin niyyəti Suriyadan nə ərazi qoparmaq, nə də ərazi bütünlüyünə zərər vurmaqdır. Ümumiyyətlə, Ankara üçün dost münasibətləri saxlayan Suriya daha prioritetdir. Bu səbəbdən riskli addımlar atması real deyil.

Politoloq Turan Rzayev