Səudiyyə Almaniyanı 3 dəfə xəbərdar edibmiş... Dünya

Səudiyyə Almaniyanı 3 dəfə xəbərdar edibmiş...

Səudiyyə Ərəbistanı Almaniyanı üç dəfə terror təhlükəsi barədə xəbərdar edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Şpigel” jurnalı məlumat yayıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı hakimiyyəti ən azı üç dəfə Almaniyanın hüquq-mühafizə orqanlarına Talib Əbdülmöhsün adlı şəxs barədə məlumat verib. Bu şəxs Almaniyanın Maqdeburq şəhərində Milad bazarının ziyarətçilərinə qarşı avtomobillə hücum edərək terror aktı törədib.

Səudiyyə tərəfi bildirib ki, Əbdülmöhsünün radikal qruplaşmalarla əlaqəsi ola biləcəyinə dair ciddi sübutlar mövcuddur. Onlar Almaniya hüquq-mühafizə orqanlarını təhlükənin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Lakin məlum olub ki, xəbərdarlıqlara baxmayaraq, həmin şəxs nəzarət altına alınmayıb və nəticədə faciə baş verib.

Qeyd edək ki, ötən gün axşam Maqdeburqda Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, hadisəni Səudiyyə Ərəbistanından olan 50 yaşlı kişi törədib, o, tək hərəkət edib. O, 2006-cı ildən Almaniyadadır və yaşayış icazəsi var.

Bundan əvvəl iki avtomobilin insanlar üzərinə sürüldüyü, ölənlərin isə 11 nəfər olduğu bildirilmişdi.