Tramp ikinci prezidentlik müddətində fərqli Şimali Koreya ilə qarşılaşacaq Dünya
Donald Tramp ABŞ prezidenti kimi ilk müddətində Pxenyanı nüvə silahı proqramından əl çəkməyə məcbur etmək üçün Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirmişdi. Amerikanın Səsinin müxbiri Yonq Gyo Kim Trampın ikinci prezidentlik müddətində Şimali Koreyadan nələr gözləməli olduğuna nəzər salır.
Şimali Koreya lideri Kim Conq Un Donald Trampın prezident seçilməsindən sonra ABŞ-la bağlı ilk açıqlamaları üçün hərbi sərgidən istifadə edib. O deyib ki, keçmiş danışıqlar Vaşinqtonun Pxenyana qarşı, onun sözləri ilə desək, “dəyişməz” düşmənçiliyini təsdiqləyib.
Kim xarici təhlükələrə müqavimət göstərməyin yeganə yolu olaraq Şimali Koreyanın nüvə imkanlarını “məhdudiyyətsiz” bir şəkildə genişləndirməyi vəd edib. Dövlət Departamentinin Asiya məsələləri üzrə keçmiş rəsmisi Evans Revir deyir ki, Kim bu gün Tramp üçün onlar 2019-cu ildə sonuncu dəfə görüşdükləri vaxtdan tamamilə fərqli bir opponentdir.
“Kim Conq Un əlinin daha güclü olduğuna inanır. Və mən inanıram ki, bunun bir hissəsi ruslarla olan yeni münasibətilə əlaqəlidir,” Brukinqs İnstitutundan Evans Revir deyir.
ABŞ-ın hərbi rəsmiləri deyir ki, hazırda 10 mindən çox Şimali Koreya əsgəri Rusiyaya Ukraynaya hərbi müdaxiləsinə kömək edir.
Rusiyanın müdafiə naziri Andrey Belousov keçən ay strateji tərəfdaşlıq sazişini gücləndirmək məqsədilə Pxenyana səfər edib.. Belousovun dediyinə görə, bu saziş Koreya yarımadasında müharibə riskini azaldır.
NATO-nun Baş katibi Mark Rutte deyir ki, bu ittifaq qarşıdan gələn Tramp administrasiyası üçün problemdir.
“Nüvə texnologiyası və raket texnologiyası Şimali Koreyaya axır. Və beləliklə indi Şimali Koreyanın ondan istifadə edərək, təkcə bizə deyil, həm də kontinental ABŞ-a təhlükə yaratmaq riski var,” NATO-nun baş katibi Mark Rutte deyib.
ABŞ-ın Şimali Koreya üzrə keçmiş milli kəşfiyyat zabiti Sidney Seiler deyir ki, birlikdə, Rusiya və Şimali Koreya daha böyük qeyri-sabitliyə təhdid yaradır.
“Bu, həm qısamüddətli, həm də uzunmüddətli təhlükələri olan hərbi ittifaqa çevrilir. Bu, aydındır ki, [Ukraynada] müharibəni uzatmaq, Koreya yarımadasında sabitliyi pozmaq, və beynəlxalq ictimaiyyətin sabitliyini pozmaq kimi təhlükəli risk yaradır,” Seiler deyir.
Seiler deyir ki, Şimali Koreyanın Rusiyadan hava hücumundan müdafiə sistemləri, təkmilləşdirilmiş döyüş sursatları istehsalı, nağd pul, ərzaq və yanacaq yardımı əldə etməsi ilə Kimin Vaşinqtona Trampın ilk prezidentlik dövründə olduğundan daha az ehtiyacı var.
“Kim Conq UnUn yeni ən yaxın dostu Vladimir Putindən əldə edə biləcəyi şeyləri nəzərə alanda, niyə o, Donald Trampla əlaqə saxlasın?” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Sidney Seiler deyir.
Tramp ilk prezidentlik müddətində Cənubi Koreya liderləri ilə birlikdə Şimali Koreyanın nüvə silahı proqramını yavaşlatmağa çalışmışdı.
Revir deyir ki, ikinci müddətdə isə, Tramp nüvəsizləşdirməyə tamamilə qapalı bir Şimali Koreya ilə qarşılaşacaq.
“Şimali koreyalıların bütün bu vaxt ərzində istədikləri, ABŞ-ın Şimali Koreyanın qanuni, qəbul edilmiş nüvə gücü olduğunu və iki ölkənin bir-biri ilə birlikdə mövcud olmağını müzakirə etməli olduğunu qəbul etməsi və ya heç olmasa etiraf etməsi olub,” Revir deyir.
Ötən ay ABŞ-da keçirilən seçkilərdən bir neçə gün əvvəl Şimali Koreya potensial olaraq kontinental ABŞ-ın böyük bir hissəsinə çata biləcək yeni qitələrarası ballistik raketi sınaqdan keçirib.