Rəsmi Moskva: Rusiya qazının tədarükünün dayandırılmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür Dünya

Rəsmi Moskva: Rusiya qazının tədarükünün dayandırılmasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür

Rəqabət qabiliyyətli və ekoloji cəhətdən təmiz Rusiya enerjisinin tədarükünün dayandırılması Avropanın iqtisadi potensialını zəiflətməklə yanaşı, Avropa vətəndaşlarının həyat səviyyəsinə də çox mənfi təsir göstərir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması ilə bağlı şərhində bildirilib.

Qeyd olunub ki, Ukrayna tərəfinin məlum qərarının geosiyasi fonu açıq-aydın görünür.

M. Zaxarovanın sözlərinə görə, köhnə qitənin enerji bazarının yenidən bölüşdürülməsinin əsas benefisiarı və Ukrayna böhranının əsas sponsoru ABŞ-dir: "Onun yırtıcı strategiyasının ilk qurbanı artıq Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniya olub, hansı ki, “Şimal axını” və “Şimal axını 2” qaz boru kəmərlərinin partlamasından sonra təbii qazı xeyli yüksək qiymətlərlə almaq və bir sıra ən böyük sənayelərini ixtisar etmək məcburiyyətində qalıb.
İndi əvvəllər iqtisadi cəhətdən uğurlu və müstəqil Avropa İttifaqının digər ölkələri Amerikanın himayəsinə görə öz qiymətini ödəməli olacaqlar.
Zaxarova bildirib ki, Rusiya qazının tədarükünün dayandırılmasına görə məsuliyyət tamamilə ABŞ-nin, Ukraynanın, eləcə də Amerika iqtisadiyyatına maddi dəstək naminə öz vətəndaşlarının rifahını qurban verən Avropa dövlətlərinin hakimiyyət orqanlarının üzərinə düşür.

Qeyd edək ki, Kiyev Rusiyanın Qazprom şirkətinin Ukraynanın Naftogaz şirkəti və Ukraynanın Qaz Nəqliyyat Sisteminin Operatoru ilə müqavilələrini yeniləməkdən imtina edib. Müqavilənin müddəti 2025-ci il yanvarın 1-də başa çatıb və həmin gün Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti dayandırılıb.

Rəsmi Moskva bəyan edib ki, Kiyev hakimiyyəti "Qazprom"un müqavilə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Rusiyadan Avropa ölkələrinin sakinlərinə mavi yanacağın vurulmasını dayandırmaq qərarına gəlib.