Sabiq prezidentlərin etirafları beynəlxalq məhkəmə üçün tutarlı dəlil olmalıdır Dünya
Ermənistanın keçmiş dövlət başçılarının etiraflarını mütəmadi olaraq eşidirik. Bu yaxınlarda hay məmləkətinin sabiq prezidenti Levon Ter-Petrosyan 32 il əvvəl azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırım faktlarını etiraf etməsi videosunu izlədik. O, 1993-cü il "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşü zamanı açıq şəkildə Ermənistan və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizləndiyini və bunun "600 illik problem" olduğunu bildirib. Ermənistanın illər boyu apardığı siyasəti ifşa edəcək Levon Ter-Petrosyanın həmin çıxışı əslində bir çox həqiqətləri təsdiq etdi. Bütün bunlar ilk deyil.
Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib: " Bəzi faktlara yenidən nəzər salaq. Vaxtilə ingilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş edib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq".
Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib.
Bu məqamları dəfələrlə qeyd etmişik ki, peşəkarların iştirakı ilə soyqırımı cinayətləri ilə bağlı kitabların yazılışı, sənədli filmlərin çəkilişi zəruridir. Daha bir zəruri məqam ondan ibarətdir ki, Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə və digər məkanlarda ermənilərin törətdiyi qanlı hadisələrlə bağlı beynəlxalq məhkəmələrdə davamlı iş aparılmalıdır. İctimaiyyət nümayəndələrinin, QHT-lərin bəyanatı, müraciəti lazımdır. Lakin yetərli deyil.
Daha təsiredici mexanizmlər üzərində düşünmək lazımdır. Bu mexanizmlər yalnız biri erməni cinayətlərinin beynəlxalq məhkəməyə yönəltməkdir. Təkzibolunmaz faktlar var, qanlı hadisələrdən zərər çəkən şahidlərin xeyli hissəsi sağdır. Deməli, peşəkar heyətlə, bu faktları qaldırmaqla beynəlxalq müstəvidə xeyli addımlar atmaq mümkün olar.
Məntiqli və yetərincə faktlara, sübutlara əsaslanan məhkəmə çəkişmələri yalnız ədaləti bərpa etmək üçün deyil, həm də dünyada soyqırımı törətməyə, cinayətə meylli erməni faktoruna tutarlı cavab olar".
Cavid