Fransada fermerlərin qəzəbi soyumur Dünya

Fransada fermerlərin qəzəbi soyumur

Fransanın Kənd Koordinasiyası (Coordination rurale) təşkilatı tətbiq edilən standartlara, eləcə də Avropa İttifaqı (Aİ) ilə Merkosur ölkələri arasında nəzərdə tutulan azad ticarət müqaviləsinə etiraz məqsədilə tədbirlər görməyə çağırış edib.

Xalqcebhesi.az xəbər verir ki, Kənd Koordinasiyasının (CR) X sosial şəbəkə hesabında yayımlanan məlumatda qeyd edilib ki, bu gün səhər tezdən onlarla fermer "ilbiz əməliyyatı" çərçivəsində Paris istiqamətinə yola düşüb. Kənd təsərrüfatı həmkarlar ittifaqlarının məlumatına əsasən, Burqundiya və Franş-Komtda (Franche-Compte) səhər saat 7 radələrində yürüş keçirilib. Fermerlər Merkosur ilə təklif olunan azad ticarət müqaviləsi ilə bağlı narahatlıqlarını bildirirlər. Traktor karvanı Lionun kənarındakı A7 avtomobil yolunu bağlayıb.

Kənd Koordinasiyasına görə, fermerlərin nümayişləri üç, dörd və ya beş gün davam edə bilər.

Son günlərdə Kənd Koordinasiyası əsas tələblərini, eləcə də Fransada Avropa qaydalarının həddən artıq tətbiqini dayandırmaq və fermalarda deyil, idxal üzərində nəzarətin həyata keçirilməsini tələb edir. Fermerlər, həmçinin ədalətsiz rəqabəti təşviq etməkdə ittiham olunan Aİ ilə Merkosur arasındakı azad ticarət müqaviləsinin yekun ratifikasiyasının əleyhinədirlər.