Petrosyanın müsahibəsi: dövlət siyasətində faşizmin təzahürü Dünya
Videobloger Albert İsakov YouTube kanalında Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkpara" terror təşkilatı üzvləri ilə görüşünün videosunu paylaşıb. Sözügedən video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir və Ter-Petrosyanın kimliyini, onun faşist təfəkkürünü ortaya qoyur. Politoloqlar müsahibəni “Xalq Cəbhəsi”nə şərh ediblər.
Politoloq Samir Hümbətov söyləyib ki, Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyanın dilindən səsləndirilən fikirlər kifayət qədər açıq şəkildə ermənilərin birinci şəxsin dilindən azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətinin aparılmasının bir göstəricisi kimi dəyərləndirilə bilər. S.Hümbətov həmçinin vurğulayıb ki, biz əvvəllər bu halı dünya ictimaiyyətinə bağırsaq da, amma çox təəssüf ki, səsimizi eşitmək istəmirdilər: “Hətta bizi ermənilərə qarşı qarayaxma kampaniyasında günahlandırmaq istəyirdilər. Guya biz qarayaxma kampaniyası yürüdürük. Amma bu gün Levon Ter-Petrosyanın dilindən o sözlərin yayılması bir daha Azərbaycanın və azərbaycanlıların öz doğma yurd-yuvalarından məcburi köçkün düşməsinə səbəb olduğunu göstərmiş olur”.
“Bu məsələlər beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmalıdır”
O əlavə edib ki, eyni zamanda, Ter-Petrosyanın dilindən Göyçənin, Zəngəzurun və digər ərazilərin Azərbaycanın əzəli və əbədi torpaqları olduğu fikrinin təsdiqlənməsi bu gün azərbaycanlıların doğma yurd-yuvalarına qayıdışı üçün beynəlxalq hüquq baxımından imkan yaradır: “Düşünürəm ki, bundan maksimum dərəcədə Azərbaycan istifadə etməlidir. Bu məsələ dünya ictimaiyyətində qaldırılmalıdır. Bu, sübutdur, faktdır. Bunu heç bir formada gizləmək olmaz. Onsuz da illərdir bunu deyirdik, əlimizdə sübutlar da vardı. Amma bunu Ermənistan prezidentinin öz dilindən səsləndirməsi Ermənistanın terrorçu və təcavüzkar siyasət yürüdən, terroru dəstəkləyən dövlət olduğunun göstəricisidir. Bununla Ermənistan azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliam, terror, işgəncə, soyqırım, etnik təmizləmə və bütün bu tipli ən ağır işgəncələrin tətbiq edildiyi bir dövlət kimi dünyaya özünü göstərmiş oldu. O baxımdan düşünürəm ki, bu gün Azərbaycanı guya Qarabağda etnik təmizləmə aparmaqda günahlandıran və bu cür ifadələr işlətməyə çalışan güclərə də bunu nümayiş etdirmək lazımdır. Hesab edirəm ki, bu məsələlər beynəlxalq ictimaiyyətin daima diqqətində saxlanılmalıdır”.
Azərbaycanlılara qarşı terror fəaliyyəti
Politoloq İlyas Hüseynov bu günədək Ter-Petrosyanın özünü sülh tərəfdarı, kifayət qədər müsbət imici olan şəxs kimi təqdim etdiyini bildirərək əlavə edib ki, yayılan video isə tamamilə ayrı proseslərdən - erməni milli ideyasının təşəkkül tapması, millətçiliyin formalaşması, terrorçu birləşmələrin Ermənistan və Qarabağ ərazisindən azərbaycanlıları qovması, azərbaycanlıların say üstünlüyünə rəğmən ermənilərin əsas məqsədinin azərbaycanlılara qarşı terror fəaliyyətinin təşkil olunması və etnik təmizləmədən xəbər verir.
İ.Hüseynov həmçinin qeyd edib ki, bu, faşist və millətçi əhval-ruhiyyəsini özündə əks etdirir: “Digər tərəfdən bu, Azərbaycana və azərbaycanlılara qarşı nifrətin, kin-küdurətin, hiddətin yüksək olduğunu ifadə edən fikirlər, bəyanatlardır. Həmçinin soyqırımçı, etnik təmizləmə ruhunda olan təfəkkürün erməni liderlərinə xas olması da bizə məlumdur. Britaniyalı müxbir Tomas de Vaal Ermənistan Prezidenti Serj Sarkisyandan müsahibə alanda erməni lideri bildirir ki, bizim dinc əhaliyə qarşı bu cür amansız davranacağımızı azərbaycanlılar gözləmirdilər. Biz bu stereotipi qırdıq, dinc insanlara qarşı amansız qətliamlar törətdik. O etirafdan sonra Ter-Petrosyanın da etnik təmizləmə siyasətini həyata keçirməsi ilə bağlı bu, etiraf videosu adlandırıla bilər. Buna görə beynəlxalq cinayət məhkəməsində proses formalaşmalıdır. Azərbaycan diplomatları, beynəlxalq hüquq biliciləri, beynəlxalq çəkişmələrdə təcrübəli olan şəxslər məhz Albert İsakovun yaydığı bu videonu əldə rəhbər tutaraq biz beynəlxalq instansiyalara müraciət ünvanlamalıyıq. Digər tərəfdən bizim Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşması üçün də bu kifayət qədər mühüm dəlillər formalaşdırır”.
Soyqırımına əsaslanan siyasət
Politoloq Asif Nərimanlı bildirib ki, Levon Ter-Petrosyanın etirafı bir neçə kontekstdə diqqəti cəlb edir: “Hər şeydən öncə bu, Ermənistanın faşist soyqırıma əsaslanan siyasətinin etirafıdır.Ter-Petrosyan özü də deyir ki, bunu biz etdik. Bu, Ermənistan dövləti səviyyəsində həyata keçirilmiş bir aktdır. Bu, bir daha Ermənistanın faşizm siyasətini ortaya çıxarır. Bu, təkcə tarixi faktın etirafı yox, həm də hadisələrin bundan sonrakı inkifaşına təsir edə biləcək məsələdir. Çünki bu gün Qərbi azərbaycanlıların öz tarixi yurdlarına, evlərinə qayıdışı aktual olan məsələdir. Bu, həmçinin danışıqlar masasındakı əsas müzakirə mövzularından biridir. Hətta bu məsələ Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb. Rəsmi Bakının da əsas tələbi odur ki, Ermənistan hakimiyyəti Qərbi Azərbaycan İcması ilə danışıqlara başlasın. Lakin Paşinyan hakimiyyəti bundan imtina edir. Onlar iki məsələni irəli sürürlər. Bunlardan biri odur ki, guya azərbaycanlıların öz tarixi evlərinə qayıdışı Azərbaycan tərəfindən Ermənistana qarşı ərazi iddiasıdır. Halbuki, nə rəsmi Bakının, nə də Qərbi Azərbaycan İcmasının belə bir iddiası var”.
O həmçinin deyib ki, Cenevrə Konvensiyasına əsasən deportasiya edilmiş 300 minə yaxın azərbaycanlı qaçqın sayılırlar: “Onlar öz evlərindən qovulublar və məhz bu irqi, dini, etnik kimliyinə görə geri qayıda bilmirlər. Cenevrə Konvensiyasında “qaçqın” ifadəsi bu formada yer alıb. Bu, faktiki olaraq azərbaycanlıların qaçqın olması deməkdir. Beynəlxalq hüquq onların qayıdış hüququnu yerinə yetirilməsini tələb edir”.
“Bu, Azərbaycanın əlini gücləndirən məsələdir”
Politoloq həmçinin qeyd edib ki, Paşinyan hakimiyyəti məsələni o kontekstdə aparır ki, guya azərbaycanlılar öz evlərindən qovulmayıb, deportasiya olunmayıb, özləri könüllü şəkildə çıxıb gediblər: “Lakin Ter-Petrosyanın etiraf etməsi o deməkdir ki, Ermənistanın Prezidenti olmuş şəxs də bu faktı, yəni Paşinyan hakimiyyətinin bu təbliğatını təkzib edir, onun bu iddialarını sıradan çıxarır. Bu da əslində Paşinyan hakimiyyətini çətin vəziyyətə salan məsələdir. Yəni danışıqlar prosesində Ermənistan hakimiyyətini Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı olan məsələdə geri addım atmağa məcbur edəcək”.
A.Nərimanlı bunun böyük fakt olduğunu qeyd edərək Azərbaycan tərəfinin bundan danışıqlar prosesində istifadə edəcəyini bildirib: “Azərbaycan göstərəcək ki, faktiki olaraq Ermənistan hakimiyyəti bu prosesi həyata keçirib və öz evlərindən qovulan insanların qayıdışı təmin edilməlidir. Həm də Azərbaycan beynəlxalq müstəvidə Qərbi Azərbaycan konsepsiyası ilə bağlı aparılan işlərdə Ter-Petrosyanın etirafından istifadə edə biləcək. Yəni bu etiraf videosu həm beynəlxalq məhkəmələrə çıxarıla bilər, beynəlxalq təşkilatlarda müzakirələrə çıxarıla bilər. Bu isə nəticə etibarı ilə azərbaycanlıların öz evlərinə qayıdışını təmin etməklə məsələsində Azərbaycanın əlini gücləndirən məsələdir”.
Röya İsrafilova