Blinken və Makron Ukrayna, Suriya və Qəzzanı müzakirə ediblər Dünya

Blinken və Makron Ukrayna, Suriya və Qəzzanı müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və Fransa prezidenti Emmanuel Makron Parisdə görüş zamanı Ukrayna, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.

“Dövlət katibi Blinken bu gün Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Tərəflər Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyimizi müzakirə edib, eləcə də Çinin Rusiyanın müdafiə sənayesi bazasına dəstəyi ilə bağlı narahatlığı ifadə ediblər”, - Miller vurğulayıb.

Yaxın Şərqlə bağlı rəsmilər Suriyada keçid prosesinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparıblar.

“Onlar həmçinin Qəzzada bütün girovların heç bir gecikmə olmadan azad edilməsini təmin edəcək atəşkəs razılaşmasının əldə edilməsinin vacibliyini müzakirə ediblər”, - bəyanatda deyilir.