Üçüncü dünya müharibəsinə səbəb ABŞ ola bilər Dünya

Üçüncü dünya müharibəsinə səbəb ABŞ ola bilər

ABŞ-da Donald Trampın yenidən prezident seçilməsi və səlahiyyətlərinə başlama öncəsi Danimarkanın Qrelandiyasını tərkibinə tələb etməsi, digər narahatedici açıqlamaları ilə yanaşı dünyada beynəlxalq hüququn süqutunu, güc faktorunun isə əsas şərtə çevrildiyini mübahisəsiz sübut edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, ABŞ-ın istək və davranışları, bütövlükdə prosesin dünya ölkələrinin təhlükəsizliyi və suverenliyi üçün real təhlükələr vəd edir, yeni dünya nizamını formalaşdırır:

"Donald Trampın Danimarkadan Qrelandiya tələbi Avropa Birliyi ölkələrini NATO-dan kənar müdafiə mexanizmi düşünməyə məcbur edir. Danimarka baş nazirinin bu məsələdə Aİ-nın dəstəyinə ümid etdiyini bildirib.

Donald Trampın rəhbərliyi ilə ABŞ-ın Qrelandiya, Panama kimi tələbləri dövlətlərin Rusiya və Çin ətrafında yeni birləşmələrə gətirib çıxara bilər. Əlbəttəki ABŞ-ın faktiki digər dövlətlərə qarşı ərazi tələbi, onların suverenliyinə hörmətsizliyi, Rusiyanın hələ ki, Ukraynaya qarşı, İsrailin Yaxın Şərq ölkələrinə qarşı işğalçılıq müharibəsinə, Fransanın və sair ölkələrin müstəmləkə istəklərinə haqq qazandırır. Adını çəkmədiyimiz bəzi ölkələr də, beynəlxalq arenada yaranmış fürsətdən istiifadə etmək qərarına gələ bilər.

ABŞ-ın Qrelandiya, Panama istəkləri əsasən hökmranlığını qorumaq, xüsusən də Çin başda olmaqla bəzi ölkələrin inkişafını əngəlləmək niyyətinə söykənə də, nəticənin bütün dünya və xalqlar üçün ağır nəticəyə gətirəcəyi şübhəsizdir. Bu nəticə üçüncü dünya müharibəsi ilə tarixə düşə bilər".

Cavid