BƏƏ Livandakı səfirliyini yenidən açır Dünya

BƏƏ Livandakı səfirliyini yenidən açır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, BƏƏ-nin Beyrutdakı səfirliyinin yenidən açılması üçün hazırlıqlar çərçivəsində Livana bir nümayəndə heyətinin göndərildiyi bildirilib.

Xalqcəbhəsi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən xəbər verir ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayedin Livan Prezidenti Cozef Aun ilə telefon danışığından sonra belə bir göstəriş verdiyinə işarə edilən açıqlamada, "Səfirliyin yenidən açılması iki ölkə və dost xalqlar arasındakı qardaşlıq münasibətlərini əks etdirir" deyə qeyd edilib.

Bildirək ki, Əbu-Dabi Livanın informasiya naziri Corc Kardahinin 2021-ci ilin oktyabrında Yəmənlə bağlı Səudiyyə Ərəbistanını tənqid edən açıqlamalarından sonra Beyrutdakı diplomatlarını geri çəkib və vətəndaşlarına Livana səyahət etmələrini qadağan edib.