Gərginləşən Fransa-Əlcəzair münasibətləri: Makron siyasətinin növbəti fiaskosu Dünya
Fransanın müstəmləkəçilik siyasəti uzun illərdir davam edir. Bu siyasətə qarşı dənizaşırı ərazilərdə zaman-zaman üsyanlar, etirazlar baş verir. Əlcəzair də Fransanın müstəmləkəçilik siyasətindən ən çox əziyyət çəkən ölkələrdəndir. Son zamanlar isə Əlcəzairlə Fransa arasında gərgin olan münasibətlər daha da gərginləşib. Fransanın tarix boyu Əlcəzair xalqının başına gətirdiyi müsibətlər, soyqırımlar və son günlər iki ölkə arasındakı münasibətlərin daha da pisləşməsi haqqında millət vəkilləri, siyasi şərhçilər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, Makron Fransasının xarici siyasəti istər Sakit okean adalarında, istər Afrikada iflasa uğramaqdadır: “Makron xarici siyasətinin aqressiv prioriterlərindən biri olan Qafqaz siyasəti və xüsusən postsovet məkanında özünə yeni koloniyalar düzəltmək siyasəti Azərbaycanın sayəsində iflasa uğrayıb. Bu gün Fransa təsir imkanlarını sadəcə Avropa İttifaqının bəzi institutları vasitəsilə həyata keçirməyə cəhd göstərir. Bu da uğursuz alınır. Doğrudur, Ermənistanı silahlandırır, birtərəfli qaydada Ermənistan Avropa İttifaqı münasibətlərinə yeni keyfiyyət forması verməyə çalışır. Amma bu da real hərəkətlərlə nəticələnmir. Çünki artıq Avropada da Fransanın mövqeyinin nədən ibarət olduğu hər kəsə aydındır. Buna paralel olaraq Afrika ölkələri ilə də Fransanın ənənəvi münasibətləri korlanmağa başlayır. Bu da heç şübhəsiz ki, Makron Fransasının haqsız, ədalətsiz və aqressiv mövqeyi ilə bağlıdır. Elə bir neçə gün bundan öncə orta Afrika ölkələrindən Fransanın sonuncu əsgərinin çıxarılması da, əlbəttə ki, bu ölkənin xarici siyasətinə zərbə oldu”.
“Əlcəzairlilər ədalətin bərpa olunmasına nail olacaq”
Deputat Fransanın Əlcəzairlə olan münasibətlərinin yenidən gərginləşməyə başladığını deyərək əlavə edib ki, Əlcəzair Afrikanın ən inkişaf etmiş ölkələrindən biri kimi həm də Fransanın işğalçılıq siyasətindən uzun illər ən ciddi şəkildə ziyan çəkmiş ölkədir: “Əlcəzairli milyonlarla günahsız insan Fransa tərəfindən öldürülüb, Fransa vəhşiliyinin bütün təzahürlərini yaşayıb. Ona görə də bu ölkələr arasında münasibətlərin gərginləşməsindən daha təbii heçnə ola bilməz. Düşünürəm ki, əlcəzairlilər ədalətin bərpa olunmasına nail olacaq. Fransızlar Əlcəzairdə elə bir soyqırım törədiblər ki, bu, heç zaman unudulan deyil. Ona görə də düşünürəm ki, bu münasibətlərin kəskinləşməsi, şübhəsiz ki, Fransanın vaxtı ilə törətdiyi və bu gün yenə törətməyə çalışdığı aqressiv siyasətlə bağlıdır”.
“Fransa Əlcəzair üzərində də öz hegemoniyasını göstərmək istəyir”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Fransa ilə Əlcəzair arasındakı münasibətlərin o qədər müsbət məcrada getmədiyinin zaman-zaman şahidi olduğumuzu qeyd edib: “İndi Fransa əlcəzairli blogeri Əlcəzairin qəbul etməyərək geri göndərə biləcəyini bilə-bilə yenə də deport edib ora göndərir. Bu addımlar da aradakı münasibətləri daha da gərginləşdirir. Fransa Əlcəzair üzərində də öz hegemoniyasını göstərmək istəyir. Fransa təkcə Əlcəzairdə deyil, digər Afrika ölkələrində də diqtə siyasəti ilə çıxış etmək istəyir. Hər dəfə də bu davranışlarda, münasibətlərdə Fransa məğlub şəkildə ayrılır. O baxımdan ki, istər Əlcəzair, istər digər Afrika ölkələri Fransanın layiqli şəkildə cavabını verirlər. Onlar Fransanın bu davranışlarına etirazlarını bildirərək təhqiramiz hərəkətlərini qəbul etmədiklərini göstərirlər. Məncə, Fransa, onun prezidenti bundan dərs çıxarmalıdır və tərəfdaşları, Afrika ölkələri ilə münasibətlərdə daha sivil, hörmət ruhunda olan davranışlar göstərməlidir”.
“Fransa Əlcəzairdən üzr istəməli, etdiklərini boynuna almalıdır”
Siyasi şərhçi Turan Rzayev Fransa ilə Əlcəzair arasındakı münasibətlərin pisləşməsində təəccüblü bir şey olmadığını bildirib: “Ümumiyyətlə, bu iki ölkə arasında münasibətlərin yaxşı olduğu bir dövr mən xatırlamıram. Çünki Əlcəzair Fransanın keçmiş müstəmləkəsidir, hətta deyərdim ki, son müstəmləkələrindəndir”.
T.Rzayev Əlcəzairi bu məsələlərdə ən çox dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin Əlcəzairə səfəri zamanı orada Fransaya üzünü tutub Əlcəzairdən üzr istənməsini tələb etməsi, Əlcəzair xalqının başına gətirilən soyqırım aktını dilə gətirməsi məsələsi olduqca ciddidir. İki ölkə arasında bu istiqamətdə və digər məsələlərə dair müxtəlif əməkdaşlıq aparılır. Hesab edirəm ki, Fransa həqiqətən də Əlcəzairdən üzr istəməli və etdiklərini boynuna almalıdır. Fransa neokolonializm siyasətinə davam etməkdədir”.
O həmçinin deyib ki, bu gün Əlcəzairdə baş verən proseslər həm də Afrikadakı müstəmləkələrini itirmiş Fransanın müstəmləkələrə təsir gücünü saxlamaq istəyinin də fiaskosudur.
“Baş verən hadisələr, siyasi və tarixi köklərə malikdir”
Politoloq Elman Telmanoğlu qeyd edib ki, Fransa və Əlcəzair arasındakı münasibətlərin pisləşməsi nə bu günün, nə də dünənin insidentidir, bu gün baş verən hadisələr, siyasi və tarixi köklərə malikdir: “Gəlin tarixə nəzər salaq. Fransa və Əlcəzair arasındakı tarixi gərginlik, hələ Fransanın 1830-cu ildən Əlcəzairi işğal etdiyi və bu dövr ərzində yerli əhalini assimilyasiya etməsi və mədəni irsini, dilini, dinini məhv etmək cəhdlərinin aparılmasının nəticəsidir. Bu dövr ərzində milyonlarla əlcəzairlinin payına Fransa tərəfdən məhbusluq həyatı və ölüm payı düşdü. 1945-ci il hadisələri: İkinci Dünya müharibəsindən sonra Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız, əliyalın insanı qanına qəltan edib. Bu hadisələr hər zaman əlcəzairlilərin mübarizəsi ilə davam edib və Əlcəzair 1962-ci ildə müstəqilliyini qazanıb. 1960-1978-ci illər ərzində 17 atom bombası ataraq, nüvə sınaqları: Fransa Əlcəzairdə nüvə sınaqlarını həyata keçirdi. Bu sınaqlar zamanı 18 min hərbçi və mülki şəxsə ziyan dəydi. Əlcəzair hökuməti bu sınaqlarla bağlı kompensasiya tələb etdi. Bu məsələlər Əlcəzair-Fransa münasibətlərini daha da gərginləşdirdi. Diplomatik məsələlər: Son illər ərzində Əlcəzair-Fransa münasibətlərində diplomatik gərginliklərə səbəb olan bir çox amillər oldu. Əlcəzair Xarici İşlər Nazirliyi Fransanın diplomatik pasportu olan əlcəzairlilərin ölkəsinə vizasız gəlişinə icazə verən müqaviləyə yenidən baxmağa çağırıb. Sadaladığım bu səbəblər Əlcəzair və Fransa arasındakı münasibətlərin soyuqlaşmasına səbəb oldu”.
“Yaxın vaxtlarda Fransada onsuz da olmayan siyasi stabillik pozula bilər”
E.Telmanoğlu diqqətə çatdırıb ki, əslində bu iki ölkə arasında münasibətlər daim gərgin olub: “Bu günlərdə isə Fransa tərəfindən Əlcəzairə deportasiya edilən bloger Dualem (Doualemn) dərhal Fransaya qaytarılıb. Bununla da onsuz da gərgin olan Fransa-Əlcəzair diplomatik gərginliyi daha da dərinləşib. Böyük münaqişələrin təməli həmişə xırda qığılcımlardan başlayır. Bu qığılcımların ocaqlarının mənbəyi isə Fransanın tamahkar və neokolonializm xislətidir. Odur ki, vaxtı ilə Fransanın öz neomüstəmləkəsinə çevirdiyi dövlətlər artıq qara bulud kimi Fransa üzərinə çökməyə başlayıblar. Bu hadisələr onu göstərir ki, yaxın vaxtlarda Fransada onsuz da olmayan siyasi stabillik pozula bilər”.
Röya İsrafilova