ABŞ İrəvan vasitəsilə regionda vəziyyəti gərginləşdirməyə çalışır Dünya

ABŞ İrəvan vasitəsilə regionda vəziyyəti gərginləşdirməyə çalışır

Yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentində ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Sənədə əsasən bir sıra müdəalarla yanaşı ABŞ Ermənistana gömrük və sərhəd mühafizəsi komandası göndərir. Dövlət katibi Blinken bildirib ki, komandanın missiyası Ermənistan sərhədinin təhlükəsizliyi potensialının artırılmasıdır. Bu addım daha çox region ölkələrin diqqətindədir, xüsusən də İran və Rusiya daha çox narahatdır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev “Xalq Cəbhəsi”nə deyib ki, Bayden adminstrasiyasının Ermənistanla de-fakto strateji tərəfdaşlığı de-yureləşdirməsi və İrəvanda Avropa Birliyinə üzvlüyə "hazırlıq" tədbirləri bir-birinə bağlı məsələlərdir: “Nikol Paşinyana bu haqda təlimat ötən il 5 apreldə Brüsseldə keçirilən üçtərəfli görüşdə verilib. Yəni nə Avropa Birliyinə üzvlüklə bağlı Ermənistan hökumətinin qərarı, nə də ABŞ ilə bu strateji tərəfdaşlıq anlaşması haylarlıq məsələdir. Onlar sadəcə verilən təlimata uyğun hərəkət edirlər. Açığı, Bayden administrasiyası belə bir anlaşma ilə guya Trampla komandasını fakt qarşısında qoymağa çalışdığı haqda deyilənləri mən bölüşmürəm. Ermənistanla bu anlaşma da, Bayden-Blinken cütlüyünün Ukraynaya yanaşmada atdıqları son addımlar da, fikrimcə, Trampı çətin vəziyyətə salmağa yox, onun manevr imkanlarını artırmağa, gələcək sövdələşmələrdə əlini güclü etməyə hesablanıb”.

Deputat bildirib ki, ABŞ-də administrasiyalarının dəyişməsi zamanı belə razılaşdırılmış addımlar az atılmayıb: “Amma bu, heç də Trampın da bizim regiona yanaşmada Baydencəsinə davranacağı demək deyil. ABŞ-dəki hay faktoru, yaxud da Ermənistandakı sorosçuların qərbpərəstlik dozalarını artırıb-azaltmaları yox, qlobal və regional müstəvidə proseslərin hansı yöndə gedəcəyi, bizim ABŞ-nin yeni rəhbərliyi ilə aparacağımız danışıqlar burada öz sözünü deyəcək. Özləri də bunu bildikləri üçün Ermənistanda Azərbaycanın Minsk qrupunu buraxmaq təklifinin "nəzərdən keçirildiyini" deyirlər. Halbuki, bu təklif Paşinyan "Qarabağ Azərbaycandır" deyən gün nəzərdən keçirilməli və indiyədək qərar qəbul edilməli idi. Blinkenlər, makronlar izn vermədilər. İndi də haylar bu "nəzərdən keçirmək" formulunu Tramp adminstrasiyasının bizim regionla bağlı mövqeyi konkretləşənədək vaxt uzatmaq üçün ortaya atıblar. Əgər görsələr ki, yeni administrasiya da əvvəlki kimi formaca haymərkəzli, məzmunca hayalətli siyasət yeridir, onda Azərbaycanın Minsk qrupuyla bağlı tələbinin yerinə yetirilməməsi üçün çeşidli bəhanələr uydurulacaq, yenə sözdə sülhdən dəm vurulacaq, əməldə isə revanşizm üçün fürsət axtarılmağa çalışılacaq. Fəqət bütün hallarda Ermənistana belə bir fürsət verilməyəcək. Əgər irəvandakılar düşünürlərsə ki, ABŞ ilə strateji tərəfdaşlıq onları bütün təhlükələrdən hifz edəcək, onda özlərindən əvvəl eyni anlaşmanı imzalayan bəzi dövlətlərin üzləşdikləri reallıqları yada salsınlar. Onlar elə də uzaqda yerləşmirlər”.

S.Alıyev Krımın işğalından qabaq 2008-ci ilin 19 dekabrında ABŞ ilə Ukrayna arasında, 2009-cu ilin 10 yanvarında isə Gürcüstanla strateji tərəfdaşlıq haqda sənəd imzalandığını deyib: “2021-ci ilin 10 noyabrında ABŞ Ukrayna ilə strateji tərəfdaşlığını yeniləyərək daha da möhkəmləndirdi. Bu sənəd də Abxaziya və Tsxinvali regionu kimi nə Krımın geri qaytarılmasına kömək etdi, nə də yeni işğalın qarşısını aldı. Bunlara bənzər bir anlaşma da Ermənistanla imzalandı. Anlaşmaya görə Ermənistan Yaxın Şərqdə ABŞ-nin İŞİD-ə qarşı koalisiyasında yer alacaq. Başqa sözlə desək, bir vaxt Rusiya hərbi kontingentinin tərkibində Suriyada Bəşər Əsəd rejimini qoruyan hay hərbçiləri indi Sem dayının qanadları altında PKK-YPG ilə birgə guya digər bir terror qruplaşmasına qarşı vuruşacaqlar”.

Depuat vurğulayıb ki, ilk baxışda belə bir təəssürat yaranır ki, ABŞ bizdə kobud bir məsəldə deyildiyi kimi bu yolla nəyi nə iləsə çıxarır: “Yəni terror ənənəsi olanlar və hətta özünün də terrorçu qruplaşma kimi tanıdığı PKK ilə birgə İŞİD-i zərərsizləşdirmək istəyir. Ancaq İŞİD-in kimin yetirməsi olduğu da, hansı ölkənin generalının onun ilk lideri Əl-Bağdadini İraq həbsxanasından buraxdırdığı da axı heç kimə sirr deyil. Ona görə də ABŞ-nin məqsədi İŞİD-i yox etmək ola bilməz. Onun məqsədi terror ənənəsi olanları, terrorçu qruplaşmaları bir-birilərinə qarşı qoymaqla və digərlərinə saldırarq özü üçün əhəmiyyətli saydığı bölgələrdə idarəolunan xaos yaratmaq, onu üzün müddət davam etdirmək, strateji rəqib gözündə gördüyü dövlətləri, indiki halda Türkiyəni kontrol altında saxlamaq, zəiflətməyə çalışmaqdır. Yəni hay hərbçiləri PKK-YPG və elə İŞİD-in özü kimi ABŞ-yə bunun üçün lazımdır”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib ki, Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra gözlənildiyi kimi, Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ ilə münasibətləri mümkün qədər legitimləşdirməyə çalışır: “Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Bu, strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri Tramp administrasiyasının üzərində yükləmək məqsədilə edilir. Trampın Baydenin irsinə və ümumilikdə demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin o qədər də aydın olmadığını söyləmək mümkündür”.

Politoloq diqqətə çatdırıb ki, Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-nin Azərbaycana qarşı siyasətini erməni maraqları ilə əlaqələndirməyə davam etmək demokratların siyasətinin təkrarı olacaq: “Rusiya ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə ABŞ-nin yardımı ilə barışmayacaq. Paşinyan Trampa sədaqətini nümayiş etdirmək, davamlı dəstək və yardımı əldən verməmək üçün nə KTMT, nə Aİİ, nə də Gİ üzvlüyündən imtina edə bilməyəcək. Üstəlik Moskva buna əlavə presedentlər yaratdığı üçün heç vaxt razı ola bilməz. Paşinyan ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir”.

Türkiyəli siyasi ekspert Engin Özər mətbuatımıza açıqlamasında deyib ki, ABŞ-ın Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərməsi qonşu ölkələr olan İran, Azərbaycan və Türkiyəyə ciddi təsir göstərə bilər. Ümumilikdə bu sazişin imzalanması Qafqaz regionunda gərginliyi artıracaq potensiala malikdir. Həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə bu, ciddi bir əngəl kimi görünür.

Onun sözlərinə görə, sazişin imzalanmasında ABŞ üçün əzəli rəqiblər olan İran və Çin faktoru dayanır: “Çinin “Bir kəmər, bir yol” layihəsi Avropa ilə əlaqəni üç əsas istiqamətdə təmin edir. Birincisi, şimal marşrutu Rusiya və Belarus üzərindən keçirdi, lakin müharibə səbəbindən bu yol bağlanıb. Dəniz marşrutu isə Qırmızı dəniz üzərindən Aralıq dənizinə bağlanırdı, lakin husilərin hücumları bu istiqamətdə ciddi problemlərə səbəb olub və gəmilər Ümid burnunu dolanmaq məcburiyyətində qalır. Real olan layihə isə Orta Dəhliz adlandırılan və Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana bağlanmasını nəzərdə tutan marşrutdur. ABŞ bu dəhlizi əngəlləyərək Avropa və Çin arasında ticarəti zəiflətməyə çalışır”.

Politoloqun fikrincə, bu sazişin imzalanması Qafqaz regionunda vəziyyəti gərginləşdirə bilər: “Yaxın gələcəkdə İsrailin İrana qarşı əməliyyat başlatması gözlənilir. Bu vəziyyətdə Ermənistanla İran arasında mümkün ittifaqları əngəlləmək məqsədilə bu addımlar atılır. Paşinyan dövründə bu ittifaqlar nisbətən zəiflədilib. Yaxın zamanda baş verə biləcək İran müharibəsi bölgədə əhalinin hərəkətliliyinin dəyişməsinə səbəb olacaq. Belə bir münaqişə sonrası böyük bir qaçqın dalğası gözlənilir”.

Özərin sözlərinə görə, ABŞ-ın İrəvana sərhəd mühafizə qrupu göndərməsi də Ermənistanla sərhədyanı ölkələr üçün arzuolunan deyil: “Zəngəzurun açılmaması isə Türkiyənin Orta Asiya və Çinlə əlaqələrinin zəifləməsinə gətirib çıxaracaq. Bu, nə Türkiyə, nə də Azərbaycan üçün müsbət bir inkişafdır. Ancaq fiziki baxımdan Ankaranın bu məsələdə edə biləcəyi çox şey yoxdur. Türkiyənin bu məsələyə ciddi reaksiya göstərməsi mümkün deyil, çünki Ermənistan müstəqil dövlətdir və necə ki, KTMT ilə əməkdaşlıq edir, ABŞ-la da razılaşma əldə edə bilər. Türkiyənin yaxınlaşmaqda olan İran müharibəsində çox fəal olmağa həvəsli olmadığı da nəzərə alınmalıdır. Son zamanlar Türkiyədə aparılan antiiran təbliğatı bunu sübut edir”.

Röya İsrafilova