"Tramp erası qorxulu nağıla çevrilməyəcək" Dünya

"Tramp erası qorxulu nağıla çevrilməyəcək"

ABŞ-ın yeni prezidenti Tramp vəzifəyə gəldiyi ilk gündən bir çox icra sərəncamı imzalayıb. Ağ Evdən verilən açıqlamada, Trampın imzaladığı sərəncamların arasında Bayden administrasiyası dövründə qəbul edilmiş 78 fərman və sərəncamın ləğvinin nəzərdə tutulduğu bildirilib.
Bütün bu qərarlar, sərəncamların ləğvi dünyada inqilabi dəyişikliyə gətirib çıxarmayacağı şübhəsizdir.

Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Əkrəm Bəydımirli deyib.

O, qeyd edib ki, hətta Trampın seçki təbliğatında verdiyi vədlər, 24 saata Rusiya –Ukrayna müharibəsini dayandıracam çağrışı elə şirin və emosional vədlər olacağını ehtimal etmək olar:

"Müşahidələr göstərir ki, dünyada kəskinləşən münasibətlərin mülayimləşməsində iqtisadi münasibətlərin cilalanması, daha doğrusu ABŞ-ın strateji maraqlarının tənzimlənməsi əsas hədəflərdən biri olacaq. Bəlkə də Putin Rusiyanın sanksiyalardan xilas olub öz gücünü bərpa etməsi üçün Trampın bir çox təkliflərini qəbul edəcək. Amma əvvəlki hegemon Rusiyanın bərpa olunub qalması mümkünsüzdür. Əslində dünyanın beyin mərkəzlərinin hazırladığı Rusiyanın demontaj olunması planlarının dərinləşməsini düşünmək olar.
Görünən odur ki, Trampın hədəfi əsas Rusiya deyil, Çin olacaq. Nisbi də olsa belə adlandırmaq olar ki, anti-Çin iqtisadi koalisiyasında hansı dövlətlər təmsil olunacaq. Və ümumilikdə Qərb öz iqtisadi maraqlarının əleyhinə gedib həmin koalisiyada Trampın təhriki ilə iştirak edəcəkmi?

Bunu zaman göstərəcək.
Bu gün Trampın Cənubi Qafqaz siyasətini necə davam edəcəyi bizi daha çox düşündürür. Görünən odur ki, dünyanın yeni iqtisadi-siyasi arxitekturasının qurulmasında Azərbaycan beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. Bu baxımdan ABŞ-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsini, əməkdaşlığın dərinləşməsini gözləmək olar. Bu baxımdan Tramp erası qorxulu nağıla çevrilməyəcək".

Cavid