“Türkiyənin inkişaf paradiqması Afrikada ona görə genişlənir ki…” Dünya

“Türkiyənin inkişaf paradiqması Afrikada ona görə genişlənir ki…”

“Türkiyə son illərdə xarici siyasətində Afrikaya böyük önəm verir. Bunu təsdiq edən ən birinci amil indiyə qədər Afrika qitəsində icra edilən layihələrin həcminin 82 milyard dollar təşkil etməsidir. Kifayət qədər bu ciddi rəqəm ondan xəbər verir ki, deməli, qitə ölkələri də qarşılıqlı əməkdaşlıqda könüllü, istəklidirlər. Məsələn, Anqola iqtisadi diversifikasiya, eləcə də ticarət, investisiya və kənd təsərrüfatı sektorlarında Türkiyənin dəstəyinə ümid bəsləyirsə, qarşı tərəf də öz növbəsində əsasən tikinti sektoruna töhfə verməkdə maraqlıdır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq əlavə edib ki, qeyd olunan layihələr Türkiyə parlamentinə təqdim edilən qanun layihələrində də öz əksini tapır: “Bu vaxta qədər Türkiyə Konqo, Anqola, Tanzaniya, Efiopiya, Çad ilə müxtəlif sahələrdə imzalanmış beynəlxalq müqavilələri ratifikasiya etmək üçün qanun layihələri qəbul edib. Qvineya-Bisauda səfirliyin açılması ilə diplomatik missiyanın sayı 44-ə çatıb. 2021-ci ilin dekabr ayında İstanbulda üçüncü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi keçirilib. Həm ərazi, həm də əhali baxımından böyük olan Konqo diqqəti çəkir. Münbit qazıntı yataqlarının və geniş miqyaslı əkin sahələrinin olması Türkiyə ilə Konqo arasında iqtisadi əlaqələrin canlanması üçün yaxşı zəmin yaradır. Türkiyə qitənin dağ-mədən, balıqçılıq sektorlarında da fəallaşır. Yumşaq amilləri, sahələri sadaladıqdan sonra keçək ağır sənayeyə. Məsələn, Türkiyənin TUSAŞ aerokosmik şirkəti tərəfindən istehsal olunan T-129 ATAK helikopterlərinin Nigeriyaya tədarükü və bu tədarüklərin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa təsiri bu ağırlığın konkret göstəricisidir”.

Ş.Həsənovanın sözlərinə görə, indi sual olunan odur ki, Türkiyəni qitədəki digər oyunçulardan fərqləndirən amillər nədir və
niyə Afrika ölkələri Türkiyənin qitədə genişlənməsinə müsbət baxır, bu axına şəarit yaradırlar? Zəngin dövlətçilik və idarəçilik təcrübəsinə malik Türkiyə ideoloji dayaqlardan uzaq, praqmatik və yerli əhalinin ehtiyaclarına yönəlmiş yol tutub: “Türkiyə yerli xalqların özünüdərk məsələlərinə hörmətlə yanaşır. Yəni, onları heç bir mənada sömürmür. Əksinə, bir sıra Afrika ölkələrinin məhdud maliyyə imkanlarını nəzərə alır, uyğun maliyyələşdirmə modelləri və texnologiya transferi variantları təklif edir. Təhsilə, humanitar sahələrə investisiya qoyur ki, bu da xalqların uzunmüddətli və dayanıqlı inkişafına xidmət edir. Fransanın müdaxiləçi yanaşmasından fərqli olaraq Türkiyə Afrika ölkələrinin suveren hüquqlarına hörmət edən münasibətlər modelini dəstəkləyir”.

O həmçinin vurğulayıb ki, region ölkələri də digər ölkələrlə Türkiyə arasında ciddi fərqi gördüyündən Türkiyə regionda əsas oyunçuya çevrilib: “Onu xüsusilə qeyd edim ki, Türkiyənin müdafiə sənayesi məhsullarının Afrikada terrorla mübarizə, sərhəd təhlükəsizliyi və assimmetrik silahlı münaqişə kimi xüsusi təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulması da ən ağır amildir. Xüsusilə Fransanın təsirinin zəiflədiyi Qərbi Afrikada və digər strateji əhəmiyyət kəsb edən bölgələrdə Türkiyənin rolu inkişaf edir. Türkiyənin inkişaf paradiqması ona görə genişlənir ki, vurğu inkişafa və bərabər yeni əməkdaşlıqlara fokuslanıb. Göründüyü kimi, Türkiyənin Afrika siyasəti Qərb və digər qlobal oyunçuların yanaşmalarından bir çox cəhətdən fərqlənir. Bu fərqlər “Türkiyə modeli” adlandırılan unikal əməkdaşlıq paradiqmasının əsasını təşkil edir”.

Röya İsrafilova