Fransalı senatorlar Makronun Afrika siyasətində uğursuzluğunu tənqid ediblər Dünya

Fransalı senatorlar Makronun Afrika siyasətində uğursuzluğunu tənqid ediblər

Üç fransız senator hazırladıqları hesabatda Prezident Emmanuel Makronun Afrikadakı xarici siyasətinin uğursuzluqları ilə yanaşı, onun Fransanın imicinə və qitə ölkələri ilə münasibətlərə mənfi təsirini vurğulayıblar.

Xalqcebhesi.az xəbər verir ki, Fransada Senat tərəfindən açıqlanan hesabatda fransız qoşunlarının ardıcıl şəkildə Mali, Burkina Faso, Niger və ən son Çaddan çıxarılmasının, son illərdə qitədə Fransanın imicinin, onun müəyyən ölkələr və onların əhalisi ilə münasibətlərinin ümumi şəkildə pisləşməsinin Prezident Emmanuel Makronun xarici siyasətinin böyük uğursuzluğunun nəticəsi olduğu bildirilib.

Senatorlar bu uğursuzluğu E. Makronun istifadə etdiyi metodlar, eləcə də əvvəllər Fransanın tərəfdaşı olmuş bir çox rejimin devrilməsinə gətirib çıxaran vəziyyətin dərindən təhlil edilməməsi ilə əlaqələndiriblər.

Fransanın verdiyi bir sıra rəsmi qərarlar və bəyanatların təkəbbürlü, Afrika liderlərinə və ya xalqlarına qarşı aşağılayıcı xarakter daşıdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Çaddan sonra Seneqal da Fransa hərbi bazalarının 2025-ci ilin sonunadək ölkədən çıxarılmasını tələb edib. Kot-d'İvuar Prezidenti Alassan Uattara isə Fransa hərbi bazasının artıq ölkənin nəzarəti altında olacağını bildirib.

Eyni zamanda, Fransanın Qərbi və Mərkəzi Afrikadakı mövcudluğunun “yenidən qurulması” planına uyğun olaraq, Parisin Qabondakı hərbi mövcudluğu Mali, Burkina Faso və Nigerdən qoşunların çıxarılması ilə əlaqədar azaldılır. Son illərdə bu üç ölkədə bir sıra dövlət çevrilişləri suveren yerli liderlərin yüksəlişi ilə yanaşı, Fransanın Afrikadakı keçmiş müstəmləkələri arasında münasibətlərdə əsaslı dəyişikliyə gətirib çıxarır.