“USAID-in ermənipərəst mövqeyi hər məqamda özünü əks etdirib” Dünya

“USAID-in ermənipərəst mövqeyi hər məqamda özünü əks etdirib”

“Tramp hökuməti USAID ilə münasibətləri sonlandırmaq və USAID-in layihələrini dayandırmaq siyasi xəttini tutub. Düşünürəm ki, bu, çox doğru yanaşmadır. Çünki USAID destruktiv fəlaiyyəti və Soros xətti ilə maliyyələşmə ilə ABŞ-nin dünyadakı geosiyasi maraqlarına da böyük zərbə vurur və sanki bunun fərqində deyillər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq Trampın bütün bu baş verənləri yaxşı analiz etdiyini bildirərək USAID-i qadağan etmək haqqında da fikirlərin mövcud olduğunu deyib: “İlon Mask da USAID-i ciddi şəkildə tənqid edib. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi yalnız hibrid təhdidlər, dezinformasiya kampaniyaları həyata keçirir və bununla ayrı-ayrı regionlara nüfuz etmək məqsədi daşıyır. USAID Misirdə, Ukraynada və digər coğrafiyalarda inqilablar törədib. ABŞ bununla heç də öz siyasi imicini artırmayıb, əksinə, ABŞ-yə qarşı tənqidlər, təzyiqlər, çağırışlar çoxalıb”.

İ.Hüseynov USAID-in indiyədək Azərbaycana qarşı fəaliyyətinin də hiss olunduğunu xüsusilə vurğulayıb: “USAID-in ermənipərəst mövqeyi hər məqamda özünü əks etdirib. Onun rəhbəri və müavininin Ermənistana səfərlərini biz yaxşı xatırlayırıq. USAID rəhbəri Samanta Pauer həm də səfəri kontekstində Ermənistana maliyyə vəsaitləri vəd edib və bunun demokratikləşmə və demokratiya institutlarının inkişafı adı ilə Ermənistana verilməsi baş tutsa da, şübhə etmirəm ki, bunun revanşizmə xərclənməsi həm də Azərbaycanla düşmənçiliyin daha da artırılmasına xidmət edib. Zaman-zaman bu hibrid təhdidlər geniş vüsət alır, müxtəlif beynəlxalq insan hüquqları təşkilatları və onların hesabatları vasitəsilə əldə olunan nəticələr mediaya sızdırılır, tirajlanır. Bu mexanizm uzun müddətdir ki, ölkəmiz əleyhinə fəaliyyət göstərməkdədir".

Politoloqun sözlərinə görə, USAID-in fəaliyyətinin dayandırılması doğru olardı: “Bu xüsusda cənab Prezidentin rusiyalı jurnalist Kiselyova da mühasibəsində mühüm fikirlər səsləndirildi və cənab Prezident USAID-in Tramp dövründə qadağan edilə biləcəyini də istisna etməmişdi. Bu da çox ciddi siyasi proqnoz hesab olunur və İlham Əliyevin böyük siyasi rəhbər, geopolitik məsələləri dərindən bilən usta siyasətçi olması faktı yenidən öz təsdiqini tapır”.

Röya İsrafilova