İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz Dünya

İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz

ABŞ və İsrail İranın nüvə çalışmalarından ciddi narahatdır. Məhz buna görə Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun 4 fevralda baş tutan görüşlərində İran mövzusu xüsusi diqqət mərkəzində olub.

ABŞ hesab edir ki, İran bir neçə ay ərzində nüvə silahı yaratmaq üçün qısa yol axtarır.

“Nyu York Tyams” yazır ki, İran hərbi mühəndisləri və alimləri artan nüvə yanacağı ehtiyatlarını bir il və ya daha uzun müddətə deyil, aylar ərzində real silaha çevirməyə imkan verəcək qısa yol axtarırlar. Bu məsələ çox ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında müzakirə mövzusu olub.

İsrailin Baş naziri Benyamin Netanyahunun fikrincə, ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıtması Yaxın Şərqdə qüvvələr balansını dəyişib.

“Trampın Ağ Evə qayıtması İranın təcavüzünü boğmaq istəyənlərə böyük dəstək verir. Bu, İsraili, Yaxın Şərqin fərqli olmasını, firavan və dinc Yaxın Şərqə sahib olmaq istəyən hər kəsi ruhlandırır. Bu, qlobal və şübhəsiz ki, Yaxın Şərqdəki mənzərəni dəyişir”, - o bildirib.

ABŞ Prezidenti Donald Tramp “Nyu York Post”a müsahibəsində deyib ki, istərdim ki, İranla qeyri-nüvə sazişi bağlansın. Bunu cəhənnəm bombardmanından üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir. Əgər biz razılığa gəlsəydik, İsrail onları bombalamazdı.

Tramp İranla mümkün danışıqların təfərrüatını açıqlamayıb: “Onlara deyəcəklərimi sizə deməyi xoşlamıram. Bu, xoşagəlməzdir. Onlara deməli olduğum şeyi deyərdim və ümid edirəm ki, onlar indi etməyi düşündükləri şeyi etməyəcəklərinə qərar verərdilər. Düşünürəm ki, onlar həqiqətən xoşbəxt olacaqlar. Mən onlara bir razılaşmaya hazır olduğumu deyərdim”.

Bunun müqabilində İrana nə təklif edəcəyinə gəlincə, Tramp bildirib:

“Bunu deyə bilmərəm, çünki bu, çox iyrəncdir. Mən onları bombalamayacağam”.

Onu da qeyd edək ki,

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana maksimum təzyiqinin bərpa edilməsi ilə bağlı fərman imzalayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, sənədin imzalanması mərasimi zamanı Amerika lideri Vaşinqtonun bundan tez-tez istifadə etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib.

Həmçinin qeyd edilir ki, fərman xüsusilə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyır. Sənəd həmçinin Vaşinqtonun İran neftinin ixracını azaltmağa yönəlmiş səyləri gücləndirməsini nəzərdə tutur.

ABŞ Prezidenti Donald Tramp deyib ki, İranın nüvə böhranının İsrailin bu ölkəyə zərbə endirmədən həll olunacağına ümid edir.

“Tayms of İsrail” nəşri yazıb ki, bu açıqlama Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffu İran koordinatoru təyin etməyi planlaşdırdığı ortaya çıxdıqdan sonra gəldi və bu da onu göstərir ki, yeni administrasiya Tehranın nüvə proqramına hərbi yox, diplomatik yolla yanaşmaq niyyətindədir.

Qeyd olunub ki, Tramp Oval kabinetdə jurnalistlərin “ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləyəcəkmi” sualına cavab vermək istəməyib və deyib ki, bu məsələ ilə bağlı yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.

“Ümid edirəm ki, bu, narahatlıq olmadan həll edilə bilər. Əgər daha bir addım atmadan bu məsələ həll olunsa, çox yaxşı olardı”, - Tramp qeyd edib.

Nəşr yazır ki, son günlər Tramp administrasiyası hərbi müdaxilədənsə, nüvə proqramını məhdudlaşdırmaq üçün İranla diplomatik razılaşma əldə etməyə çalışmaq istədiyini açıq şəkildə bəyan edir.

İranın xarici işlər naziri Abbas Arakçı “Trampın İrana danışıqlarla bağlı mesaj verib-vermədiyi” sualına cavab olaraq deyib ki, ABŞ-dan danışıqlarla bağlı heç bir mesaj göndərilməyib və alınmayıb. Avropa ölkələri ilə danışıqlarımız davam edir və biz onların siyasətinə aydınlıq gətirilməsini gözləyirik.

“Danışıqların aparılmasına dair heç bir qərar yoxdur”, - Arakçı bildirib.

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, əgər İran həqiqətən nüvə silahı yaratmaq istəsəydi, bunu çoxdan edərdi. Nüvə silahları beynəlxalq səviyyədə nəzarət edilən obyektlərdə deyil, gizli laboratoriyalarda hazırlanır. İslam Respublikasının nüvə bombası yaratmağa bir neçə gün qaldığını iddia edənlər Tehranı ən azı 15 il nüvə silahı əldə etməkdən uzaqlaşdırmağa hesablanmış nüvə danışıqlarını niyə alqışlamadılar?

“ABŞ-ın nüvə danışıqlarından çıxmasından sonra İslam Respublikasının nüvə imkanları artıb. Ümid edirəm ki, Donald Tramp bu dəfə daha ciddi, diqqətli və realist olacaq”, - o əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İran dörd nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.

İranın İRNA xəbər agentliyi isə belə bir məlumat yayıb ki, ABŞ Prezidenti Donald Trampın xarici siyasəti diplomatik deyil, daha çox qarşıdurma xarakteri daşıyacaq.

Məlumata görə, Trampın ilk prezidentlik müddəti İranla nüvə sazişindən birtərəfli qaydada çıxmaqla başlayıb və sərt antiiran ritorikası, maksimum təzyiq siyasəti ilə yadda qalıb.

Qeyd olunur ki, Trampın ikinci prezidentliyi dövründə qlobal münaqişələrin həlli üsulları onun əvvəllər istifadə etdiyi üsullardan az fərqlənəcək:

“Amerikanın yeni lideri öz administrasiyasındakı əsas vəzifələrə sərt tərəfdarları seçib. Bu, hökumətinin siyasətinin diplomatik deyil, daha çox qarşıdurma xarakterli olacağı ilə bağlı qorxuları artırır”.

İran rəhbəri Əli Xamenei ordunun hava qüvvələri və hava hücumundan müdafiə komandirləri ilə görüşündə deyib ki, Amerika ilə danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur, danışıqlar müdrik, ağıllı və şərəfli deyil.

“Elə qələmə verməsinlər ki, o dövlətlə danışıqlar masasına əyləşsək, hansısa problem həll olunacaq. Xeyr! Amerika ilə danışıqlar yolu ilə heç bir problem həll oluna bilməz”, - o bildirib.

Xamenei Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-la iki il müddətinə danışıqlar aparıldığına, ancaq heç bir nəticə əldə olunmadığına diqqət çəkib: “2 il davam edən danışıqlar zamaı müqavilə də bağlandı, ancaq indi vəzifədə olan eyni şəxs (Tramp) müqaviləni cıxdı”.

İranın müdafiə naziri Əziz Nəsirzadə isə bəyan edib ki, Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirmədiyi üçün Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil.

“Amerikalılar boş-boş danışırlar. Biz sanksiyalar və təhdidlər altında danışıqlar aparmırıq. Və ABŞ-ın indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik”, - Nəsirzadə bildirib.

İran prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı deyib ki,

ABŞ prezidenti Donald Tramp İranla danışıqlara başlamaq istəyir, eyni zamanda ölkəmizə qarşı sui-qəsd planları hazırlayır.

"Tramp davamlı olaraq İranla danışıqlara hazır olduğunu deyir. Eyni zamanda, o, getdikcə daha çox anti-İran sui-qəsdləri ilə fərmanlar imzalayır”, - respublika rəhbəri bildirib.

Onun sözlərinə görə, Vaşinqton yalnız “Tehranı diz çökdürmək” arzusunda ola bilər.

İran öz növbəsində ABŞ-ın həftəsinə lazımi cavab verəcəyi fikrindədir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İsrail və ABŞ-ın İran zərbə endirməsi ehtimalı ilə bağlı danışarkən deyib ki,

İran ordusu həmişə olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır.

Tramp isə rəsmi Tehranın bu məsələdə çox narahat olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib ki,

İran hökuməti çox narahatdır, qorxur və mümkün hərbi hücumun qarşısını almaq üçün razılaşma axtarır.

“Düşünürəm ki, İran çox narahatdır və hətta qorxur, çünki onun müdafiə sistemi demək olar ki, məhv edilib. Ola bilsin ki, onlar yeni müdafiə sistemləri əldə etməyə çalışırlar, lakin hələlik onların hava hücumundan müdafiə vasitələri əsasən məhv edilib. İran çox çətin anlar yaşayıb və ağır zərbələrə məruz qalıb”, - o əlavə edib.

Tramp bir daha bildirib ki, Əli Xamenei və İranın başqa rəsmilərinin açıq müqavimətinə baxmayaraq, bombardman etmək əvəzinə, İranla yeni razılaşma əldə etməyə üstünlük verir.

ABŞ prezidenti İranla razılığa gəlməyin mümkün olduğunu söyləyib:

“Ordumuzu yenidən qurduq. Bizim heç kimdə olmayan silahlarımız var. Hamı elə fikirləşir ki, İsrail bizim köməyimizlə və ya razılığımızla İranı bombalayacaq, ancaq mən bunun baş verməməsinə üstünlük verirəm. İstərdim ki, İran heç vaxt nüvə silahı əldə etməsin deyə, nüvə obyektlərini təftiş, monitorinq etmək imkanı verən saziş əldə edilsin. İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və onu dayandırmağın iki yolu var: bomba və ya kağız parçası ilə. Mən onlara zərər verməyəcək bir müqavilə bağlamağı üstün tuturam. Düşünürəm ki, onlar da bunu istərdilər”.

Cavid