

Maşallah Rəzmi: “İranın gələcəyinin necə olacağı bəlli deyil”
ABŞ Prezidenti Trampın İranın nüvə silahı istehsalına qadağa qoyması mesajları rəsmi Tehranın narazılığına və narahatlığına səbəb olub. Xüsusilə ABŞ-da İsrailin baş naziri Netenyahu ilə Tramp arasında keçirilən görüşdə bu məsələ ilə bağlı razılığın əldə olunmasından sonra İran məsələni ciddi olduğunu nəzərə alıb. Tramp İranla danışıqlara ümid etdiyini açıqlamışdı.
Amma Tehrandan Trampa mesajlar da səngimədi.
İran Prezidenti Məsud Pezeşkian deyib ki, ABŞ İsraili İrana qarşı silahlı təcavüzə təhrik edir.
"ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın raket və nüvə silahı olmamalıdır. Onlar sionist rejimin (İsrail - red.) Qəzza zolağına olduğu kimi, İrana da hücum etməsini, bizim isə bu hücum qarşısında susmağımızı istəyirlər", - M.Pezeşkian bildirib.
SEPAH-ın Kəşfiyyat və Təhlükəsizlik bölməsinin komandiri Məcid Xadimi isə deyib ki, Donald Tramp hiyləgərlik edir və onun məqsədi İranın nüvə və raket proqramının tamamilə yığışdırılmasıdır.
"Amerikalılarla müzakirə bizim qırmızı xəttimizdir. Əgər ABŞ maraqlarımızı təhlükəyə atsa, İran da onun bütün dünyada milli maraqlarını təhlükə altına atacaq", - Xadimi bildirib.
İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Muhacirani isə deyib: “Tehran Vaşinqtonla danışıqlardan imtina edir, çünki ABŞ diplomatiya dilini başa düşmür.
“Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan edilən maksimum təzyiq danışıqlara kömək etmir. Qarşı tərəflə danışıqlara “yox” deyirik, çünki onlar diplomatiyanın dilindən başa düşmür. Dünya gördü ki, İranın səyləri nəticəsində Birgə Hərtərəfli Fəaliyyət Planı imzalandı, lakin hər şey onların birtərəfli qaydada geri çəkilməsi ilə başa çatdı”, - o bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilməlidir.
Əminik ki, danışıqlar prosesinin bütün iştirakçıları tərəfindən siyasi iradə olarsa, İranın nüvə proqramı məsələsi diplomatiya yolu ilə həll edilə bilər edilməlidir”, - o bildirib.
Peskov qeyd edib ki, Rusiya lideri Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı zamanı İranın nüvə proqramını müzakirə edib, lakin bu, əsas müzakirə mövzusu olmayıb:“Əsas diqqət Rusiya-Amerika münasibətlərinin bərpasına yönəldilib”.
Bu arada “Əl-Ərəbiyyə” adı açıqlanmayan yüksəkrütbəli Avropa rəsmisinə istinadən məlumat yayıb ki, Avropanın yüksək rütbəli rəsmisi Tehran və Vaşinqton arasında məxfi danışığın getdiyini deyib və bildirib ki, İran sanksiyaların ləğvini ehtiva edən istənilən razılaşmanı qəbul edəcək.
Rəsminin sözlərinə görə, ABŞ hökuməti 2025-ci ilin oktyabrına qədər İslam Respublikası ilə razılığa gələ bilməsə, İsrail İranı hədəfə alacaq:
İranın mövqeyi həmişəkindən daha zəifdir və Tehranın nüvə sazişinə ehtiyacı var. İran Tramp administrasiyası tərəfindən danışıqlar aparmaq üçün təyin olunacaq bir vasitəçi gözləyir”.
İsraildə səfərdə olan ABŞ Dövlət katibi Marko Rubio Baş nazir Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Yaxın Şərqdə gərginliyin yeganə mənbəyi İrandır.
“Hər bir terror qruplaşmasının, hər zorakılıq aktının, sabitliyi pozan hər bir fəaliyyətin, bu regionu vətəni adlandıran milyonlarla insanın sülh və sabitliyini təhdid edən hər şeyin arxasında İran dayanır. Heç vaxt nüvə İranı ola bilməz. Bu, heç vaxt baş verə bilməz”, - Rubio bildirib.
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Dövlət katibi Marko Rubio ilə keçirdiyi mətbuat konfransında deyib ki, İsrail və ABŞ İranın nüvə silahına malik olmaması ilə bağlı razılığa gəlib.
Biz bir çox mövzuları müzakirə etdik, lakin heç biri İrandan vacib deyildi. İsrail və ABŞ İran təhlükəsi ilə üzləşəndə çiyin-çiyinə dayanırlar. Biz razıyıq ki, ayətullahların nüvə silahı olmamalıdır”, - Netanyahu bildirib.
Fransada yaşayan yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert Maşallah Rəzmi mövzu ilə bağlı "Xalq Cəbhəsi"nə deyib ki, ABŞ Prezidenti Donald Trampın İranı nüvə silahından imtina etməsi çağırışı, rəsmi Tehrana sanksiyaları maksimuma çatdırması İranın 45 ildə ən zəif vəziyyətə düşməsinin göstəricisidir.
O, qeyd edib ki, İran əlində olan proksi qüvvələrlə İsrail üçün təhlükə yaradıb: “İsrail HƏMAS-ı demək olar ki, aradan götürdü, "Hizbullah"a şiddətli zərbələr vurdu. Beynəlxaq layihələr əsasında Suriyadakı hakimiyyət süqut etdi. İran İsraillə mübarizədə geri çəkilmək məcburiyyətində qaldı. İran keçmişdə Avropa ilə ABŞ arsında ixtilaflarla bəhrələnir. Rusiya-Ukrayna müharibəsində İran Moskvanın tərəfini tutduqda Avropanın İrana qarşı mövqeyi ABŞ-dan daha çox radikallaşdı. Avropa BMT-nin İrana qarşı sanksiyaları daha da genişləndirilməsi və aktiv edilməsinə çağırışlar etdi. Digər tərəfdən İranda iqtisadi fəlakət xalqı sosial problemlər içinə atıb, bütün kommunal xidmətlərin qiymətlərinin artması əhalini pis, çıxılmaz duruma salıb. Dolların qiyməti artır, 91-92 min tümənə bərabərdir. Əhali etiraz aksiyaları keçirib hökumətdən sosial problemlərinin həllini tələb edib, hökumət isə əksinə aksiyaları yatırdır, millətin səsini eşitmək, iqtisadi islahatlar aparmaq istəmir”.
M.Rəzmi onu da vurğulayıb ki, İran İsrailə raket atmasından sonra İsrail özünü müdafiə etməyə başladı. Bildi ki, ona digər tərəfdən təhlükə İrandan gələcək. Ona görə də İranın qarşısını kəsmək üçün müxtəlif vasitələr tətbiq edildi. İsrailin daxilində də millət İrandan yaxa qurtarmaq istəyir. Trampın İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə çağırışı, İran neftinin satışını 0-a endirməsi fikri Tehranın İsrailə təhlükəsilə ilə bağlıdır. Bir tərəfdən də İranın Rusiya-Ukrayna müharibəsində Kremlin yanında olması faktoru da Avropanın narazılığına səbəb olub ki, bu da İranın ziyanına, İsrailin xeyrinədir. Ona görə də bu gün İranın Yaxın Şərq siyasəti onun zəifləməsinə gətirib çıxarıb ki, bu gün təhdidlərlə üzləşib, xalq hakimiyyətin dəyişməsi arzusundadır: “ABŞ-nin Yaxın Şərqdəki siyasəti İsrailin mövqeyi ilə üst-üstə düşür. Amerika burada ona görə belə bir mövqe tutub ki, yəhudilərin inam və etibarını qazansın. İsrail həmişə İranı özünə təhlükə görüb. Ona görə də bir neçə dəfə İrana qarşı hərbi əməliyyat həyata keçirib. İsrailin baş naziri Netenyahu deyib ki, əgər İran nüvə silahı əldə edərsə İsrail onu bombalayacaq. Trampla Netanyahunun görüşündə hər iki ölkənin İrana qarşı siyasətin birliyinin təsdiqi onu deməyə əsas verib ki, Tehran nüvə silahı əldə edərsə İsrail onu bombalayacaq, razılıq belə olub.
Amma Xamenei müzakirələri rədd edib, bu da İranın daxilində ziddiyyətlərə gətirib çıxarıb. Xalq Pezeşkianı prezident seçmişdi ki, bu kimi məsələlərdə yumşaqlıq göstərməkdə təsir imkanlarından istifadə etsin, sanksiyalar aradan götürülsün amma alınmadı. Xameneinin mövqeyi onun da əl-qolunu bağlayıb. Bu da ölkəni fəlakətə sürükləyir. Digər tərəfdən İranın təhlükəsizlik nazirinin müavini Hüseyn Səftəri deyib ki, amerikalıların məxfi danışıqlarına görə, ya İran nüvə məsələsindən geri çəkilməlidir, yəni siyasətini dəyişməlidir, ya hökumət istefa verməlidir. Əks təqdirdə Suriyada həyata keçirilən layihə İranda da ola bilər.
Bunun ardınca İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf deyib ki, ABŞ İrana xəbərdarlıq məktubu göndərib ki, İran nüvə silahı, ballistik raket istehsal edə bilməz. Bu İranı tərksilah etmək deməkdir. Bu məsələlərlə bağlı müzakirələr aparmaq İranın təslimi deməkdir ki, Tehran bununla razılaşmır. Pezeşkian ABŞ-la bu kimi məsələləri, xüsusən sanksiyaların aradan götürülməsi ilə bağlı danışıqlara hazırlaşırdı. Amma Xameneinin məlum mövqeyi hər şeyi alt-üst etdi ki, daxili ictimaiyyət məsuliyyəti onun üzərində qoyub. İranın gələcəyinin necə olacağı bəlli deyil. Tək ABŞ, İsrail və Avropa deyil, qonşu ölkələr də rəsmi Tehranın siyasətindən, böhranından narazıdırlar, beziblər. Dünya İrandan bu kimi problemlərin həllini gözləyir”.
Cavid