Lavrovun Türkiyə səfərinin əsas məqsədi… Dünya

Lavrovun Türkiyə səfərinin əsas məqsədi…

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə sabah başlayacaq səfəri böyük ehtimalla iki mövzu ilə bağlıdır. Lavrov Ankarada Ukrayna və Suriyanı müzakirə etmək istəyir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Kremlin Suriyanın yeni hakimiyyəti ilə artıq təması var, Rusiya xarici işlər nazirinin müavini Dəməşqdə olduqdan sonra Vladimir Putin bu ölkənin keçid dövrünün prezidenti Əhməd əş-Şara ilə telefonla danışıb:

“Yəni Kremlin Suriyanın yeni hakimiyyəti ilə dialoqda Ankaranın vasitçiliyinə ehtiyacı yoxdur. Buna baxmayaraq, Kreml Rusiyanın Suriyadakı hərbi bazalarının varlığını davam etdirməsinə Ankaranın münasibətini öyrənmək istəyir. Kremli Türkiyənin Suriyanın şimalındakı PKK və ona bağlı qruplara qarşı gələcək planları da maraqlandırır. Çünki Kremlin PKK-ya bağlı terrorçu qruplarla əlaqəsi var və onların məhv olmasını istəmir.

Ankarada müzakirə olunacaq digər mövzu Ukraynadır. Bu ölkənin Prezidenti Vladimir Zelenkinin Türkiyəyə səfəri və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşü Kremlin diqqətindən yayınmayıb. Rusiya hakimiyyəti Ankaranın Ukrayna məsələsində mövqeyində dəyişiklik olub-olmadığını özü üçün müəyyənləşdirmək istəyir. Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Ukraynaya baxışından məmnundur. Görünür, Kreml Trampın Ukrayna ilə bağlı söylədiklərinə Ankaranın mövqeyini də bilmək istəyir. Ərdoğan Qəzza mövzusu ilə bağlı Trampın söylədiklərinin qəti əleyhinə olsa da, Ağ Ev sahibinin Ukrayna ilə bağlı söylədiklərinə reaksiya verməyib. Görünür, Ərdoğan hər məsələdə Trampla qarşıdurmaya getmək istəmir. Türkiyə prezidenti Rusiya-Ukrayna müharibəsinin dayandırılması fikrindədir.

Bundan başqa, Ərdoğan Kremllə Kiyevə yenidən vasitəçilik təklif edib, o, müzakirələrin İstanbula keçirilməsini irəli sürüb. Lavrov bu təşəbbüsü də Ankarada müzakirə edəcək”.