

Rusiyanın Fransanın Marsel şəhərindəki konsulluğu yaxınlığında partlayış baş verib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Bildirilib ki, partlayışın baş verdiyi yerə yanğınsöndürənlər və polis gəlib.
Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” nəşrinə açıqlamasında partlayışın konsulluqda baş verdiyini və tələfatın olmadığını təsdiqləyib.
BFMTV kanalının verdiyi məlumata görə, ehtimal ki, əraziyə "Molotov kokteyli" atılıb. “Valeurs Actuelles” jurnalının müxbiri xəbər verib ki, qəza yerinin yaxınlığında oğurlanmış avtomobil tapılıb.
Rusiya mediası məlum hadisəni şərh edərkən Xarici Kəşfiyyat Xidmətinin bir müddət əvvəl Ukraynanın danışıqları pozmaq üçün silsilə terror aktları həyata keçirə biləcəyi barədə məlumat yaydığını xatırladıb.