

Ermənistanın İctimai Radiosu ölkənin dövlət himnini ixtisar edilmiş variantda səsləndirir.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Nyus.am" portalı məlumat yayıb.
Bildirilib ki, himndən “Düşmənlərə qarşı bərq vuran üçrəngli bayraq” və “Şanlı Ermənistanı yaratsın" misraları radioda səsləndirilən versiyadan çıxarılıb.
Himndən çıxarılan bəndin sətri tərcüməsi belədir:
“Üç rəngə tamaşa elə,
Bizim müqəddəs rənglərimizə.
Qoy, o daim düşmənə bərq vursun
Şanlı Ermənistanı yaratsın".
“On gündür “İctimai” radionun səhər proqramı dövlət himninin ixtisar olunmuş variantı ilə yayıma başlayır”, - portal qeyd edir.
Mənbə xatırladır ki, bundan əvvəl radionun direktoru Armen Koloyan xəbərlər xidmətinin redaksiyasına müxtəlif ölkələrin, o cümlədən Bakı vaxtını göstərən saat qoyması müzakirələrə səbəb olmuşdu.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl dəfələrlə dövlət himnini tənqid edib. O, Ermənistanın himninin standartlara cavab vermədiyini əsas gətirərək, sözlərinin dəyişdirilməsini təklif edib. Himnin dəyişdirilməsinin təşəbbüskarlarından biri də Ermənistan parlamentinin spikeri Alen Simonyandır.
Ermənistanın dövlət himni 1918-ci ildə Ermənistan Demokratik Respublikası zamanında qəbul olunub. Ölkə müstəqilliyini bərpa etdikdən sonra bu himn müəyyən ixtisarlarla yenidən dövlət himni statusuna yüksəlib. Himnin sözləri Mikayıl Nalbəndyana, musiqisi isə Barsek Kanaçyana məxsusdur.