ABŞ Kanadanı mötəbər təşkilatdan çıxarmaq istəyir Dünya

ABŞ Kanadanı mötəbər təşkilatdan çıxarmaq istəyir

Kanadanın Qərbin "Beş Göz" kəşfiyyat alyansından xaric edilməsi Ağ Evdə ən yüksək səviyyədə müzakirə edilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Kanadanın Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanın da daxil olduğu "Beş Göz" alyansından çıxarılması ideyasını irəli sürüb.

Nəşr yazır ki, Vaşinqton bu addımla Ottavanı ABŞ ərazisinə köçən qeyri-qanuni miqrantlarla mübarizəni gücləndirməyə təşviq etməyə ümid edir.

Qəzet qeyd edir ki, hazırda Trampın bu ideyaya necə reaksiya verdiyi məlum deyil.

Qeyd edək ki, “Beş Göz” alyansı İkinci Dünya müharibəsi zamanı alman şifrələmə maşınlarını sındırmaq üçün Böyük Britaniya və ABŞ tərəfindən qurulub. London və Vaşinqton arasında elektron kəşfiyyat sahəsində əməkdaşlıq 1946-cı ildə sənədləşdirilib. Kanada 1948, Avstraliya və Yeni Zelandiya 1956-cı ildə müqaviləyə qoşulublar.