

Atəşkəsin davam edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik çətin şərtlər altında sağ qalmağa çalışan qəzzalılar arasında narahatlıq yaradır.
Üç mərhələli atəşkəsin birinci mərhələsi bu bazar günü başa çatır. Misir Prezidentinin İnformasiya Xidməti dünən verdiyi yazılı açıqlamada, Qəzza zolağında Həmas ilə İsrail arasında əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasının növbəti mərhələləri ilə bağlı “intensiv danışıqların” Qahirədə başladığını açıqlayıb. Açıqlamada, İsrail və Qətərdən iki nümayəndə heyətinin ABŞ təmsilçilərinin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün paytaxt Qahirəyə çatdığı bildirilib.
Xalqcəbhəsi.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən qeyd edir ki, Həmasın dünən verdiyi açıqlamada, qalan girovları azad etməyin yeganə yolunun atəşkəs razılaşmasına riayət etmək olduğunu bildirib. Fələstin təşkilatı danışıqların ikinci mərhələsinə başlamağa hazır olduqlarını bildirərək, İsrailin girovları xilas etmək üçün başqa çarəsinin olmadığını vurğulayıb. Həmas Siyasi Bürosunun üzvü Basem Naim də Əl-Cəzirə telekanalına açıqlamasında İsrailin hərbi eskalasiya planlaşdırdığını bildirib və əlavə edib ki, onların məqsədi müharibəni bitirmək, bütün İsrail qüvvələrinin çıxarılmasını təmin etmək və yenidənqurma prosesinə başlamaqdır.