Ağ Evdəki qalmaqalın səbəbkarı odur: Hədəfi isə… Dünya

Ağ Evdəki qalmaqalın səbəbkarı odur: Hədəfi isə…

Ağ Evdəki qalmaqalın təməli iki həftə əvvəl Münhen Təhlükəsizlik Konfransında qoyulmuşdu. Ağ Evdə iki ölkə prezidentinin dalaşmasına rəvac verən vitse-prezident Ceyms Vens iki həftə əvvəl təhlükəsizlik konfransında Rusiya və Çini deyil, Avropa ölkələrini hədəf seçmişdi. Bu, həmin toplantıda böyük qalmaqala səbəb oldu.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Ağ Evdə ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş verən mübahisə haqda qeyd edib.

O xatırladıb ki, ABŞ-ın vitse-prezidenti Münhendə konfransa qatıldığı ölkənin – Almaniyanın kansleri Olaf Şoltsla görüşməkdən imtina etməklə növbəti qalmaqala imza atmışdı:

“Bunun əvəzinə Vens Münhendə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdü. Ağ Evdə Zelenskini aşağılamağa çalışan Vens iki həftə əvvəlki görüşün məhsuldar keçdiyini bildirmişdi. Ancaq orası da bəlliydi ki, Vens senator olduğu dövrdə ABŞ-ın Ukraynaya dəstəyinin əleyhinə idi. Demək, bu, özünü hansısa rəsmi görüşdə büruzə verməliydi.

Vens özünü Ağ Evdəki görüşə hazırlamışdı. Bu fiquru gələcəkdə də diqqətlə izləməliyik, ABŞ-ın yaxın tarixində vitse-prezidentlər Vens qədər fəal olmayıblar. Bu isə Donald Trampın andiçməsindən ötən cəmi 40 gün ərzində beynəlxalq aləmi özündən danışmağa məcbur edib. O, Trampdan sonra prezident olmağı hədəfləyir. Bunun üçün hələlik Ukraynanı hədəf seçib”.

Qeyd edək ki, məşhur milyarder, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask da ötən gün Vens haqda “Bütün zamanların ən yaxşı vitse-prezidenti və gələcək prezidentimiz” ifadəsini işlətmişdi.