Tramp-Zelenski mübahisəsinin Ukrayna üçün mənfi perspektivləri Dünya

Tramp-Zelenski mübahisəsinin Ukrayna üçün mənfi perspektivləri

Ağ Evdə Tramp-Zelenski mübahisəsinin Ukrayna üçün mənfi perspektivləri olsa da, mövcud şərtlərdə - ABŞ-ın xeyrinə olan saziş və Rusiyanın maraqlarına uyğun danışıqların diktə edildiyi vaxt Kiyevin müqavimət planı kimi də görünür. Zelenskinin etirazından sonra:
- ABŞ faydalı qazıntılarla bağlı sazişə nail olmaq üçün şərtləri müəyyən qədər də olsa, yumşalda bilər;
- Danışıqlarda Ukraynanın da mövqeyinin nəzərə alınması reallığını qəbul edə bilər;
Bu, pozitiv gözləntilərdir və Tramp Administrasiyasının daha sərt xətti izləməsi də gözləntilər arasındadır. Lakin Zelenski diktə edilən sazişi və mümkün danışıqlar prosesini pozmaq üçün “va-banka” getdi. Bununla həm öz reytinqini, həm ukraynalıların müharibə əhval-ruhiyyəsini yüksəltdi, həm Ukraynanın təslim olmayacağını nümayiş etdirdi. İstisna deyil ki, Zelenskinin “diplomatik səriştəsizliyi” kimi görünən mübahisə məqsədyönlü idi.
Bu kontekstdə “Nyu York Post” nəşrinin Ukrayna ilə danışıqlarda iştirak edən ABŞ rəsmisinə istinadən yaydığı informasiya/iddia diqqət çəkir.
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq sazişin razılaşdırılması üç gün danışıq aparıb. Fevralın 21-də başa çatan danışıqlarda Kelloq və Zelenski “hələ üzərində işlənilməsi lazım olan məsələlərin olduğu” qərarına gəliblər. Lakin Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak Zelenskinin sazişi imzalamaq üçün Ağ Evə gəlməsini və Trampla görüşməsini təklif edib. Kelloq isə bildirib ki, “üzbəüz görüşdən əvvəl prezidentlər arasında münasibətlərin gücləndirilməsi vacibdir”. Nəşr qeyd edir ki, Kelloq Kiyevdə danışıqlardan sonra hələ hazır olmayan sənədlər olmadan Vaşinqtona qayıtmağa hazırlaşırmış, lakin Ukrayna tərəfi son anda fikrini dəyişib və sazişlə bağlı sənədləri Ağ Evə göndərib. Daha sonra Zelenskinin cümə günü Trampla görüşməsi və sazişi imzalaması təklifi Kiyev tərəfindən irəli sürülüb.
“Nyu York Post” Trampa yaxın media orqanıdır və istisna deyil ki, bu məlumat ABŞ Administrasiyasının Ağ Evdəki mübahisədə haqlı olduğunu təbliğ etmək məqsədi daşıyır. ABŞ Dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsi də Tramp Administrasiyasının haqlı görünmək cəhdlərindən biridir. Hərçənd, Ağ Ev davasının qeyd etdiyimiz mövcud şərtlərdə Ukraynaya manevr imkanları yaratması diqqəti bu informasiyalara da çəkir.
Bu prosesin arxasında Ukrayna müharibəsinin Rusiyanın maraqları fonunda başa çatmasını Avrasiyadakı planlarına zidd hesab edən Böyük Britaniyanın dayanması ehtimalı da var. Müharibənin başlanğıcında Qərbdə Ukraynaya dəstəyi təmin edən də, Rusiyanın tələblərinin qəbul olunduğu İstanbul razılaşmaları layihəsini sıradan çıxaran da London idi. Ağ Evdə Trampla görüşən Starmer ABŞ-ın yanaşmasını dəyişə bilmədi, mümkündür ki, Ukraynaya diktə edilən sazişi və danışıqları Zelenskinin “va-bank” gedişi ilə sıradan çıxarmağa, ən azı prosesin Moskva-Vaşinqton planına uyğun gedişini tormozlamağa çalışırlar. Zelenskini Londonda qəbul edən Starmer Avropanın Ukraynaya praktiki müstəvidə dəstəyini və Kiyevin sona qədər müqavimətini təmin etməyə çalışacaq. Buna nə qədər nail olacağından çox şey asılıdır, çünki Avropanın Ukraynaya nəzəri baxımdan yekdil dəstəyinin praktiki müstəvidə nə qədər adekvat olacağı mübahisəli olaraq qalır.

Asif Nerimanli