

Kreml Zelenskinin açıqlamasına reaksiya verib
Kreml Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın nəzarəti altında olan əraziləri vermək fikrində olmadığı barədə açıqlamasına münasibət bildirib.
Peskov: "Zelenski reallığı qəbul etmək istəmir"
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Zelenskinin məlum açıqlamasını yerdə real vəziyyəti qəbul etməmək istəyi adlandırıb.
Onun sözlərinə görə, prezident Putin dəfələrlə İstanbul sazişləri şəklində dialoqun mümkün olduğundan danışıb: "Lakin o vaxtdan bəri, son 2,5 il ərzində yerdə vəziyyət dəyişib. Bunu ancaq kor görməyə bilər, kar isə eşitmək istəməz”.
Tramp-Zelenski mübahisəsi və Putinin reaksiyası
Peskov Putinin Tramp və Zelenskinin Ağ Evdə mübahisə etdiyini gördüyünü də söyləyib:
"Sözsüz ki, o, baş verənlərin mahiyyətinə bələddir. Üstəlik, bu nüansları ilə bütün dünya ictimaiyyəti üçün əlçatan idi. Ona görə də prezident onun bütün nüanslarını bilir. Kifayət qədər görünməmiş bir hadisə idi və Zelenski bir çox cəhətdən tam diplomatik bacarıqların olmadığını nümayiş etdirdi".
Kreml Ukraynanın danışıqlara hazır olmadığını bildirir
Kremlin sözçüsü Rusiya prezidentinin Tramp-Zelenski mübahisəsinə reaksiyası barədə də danışıb: "Prezident baş verənləri diqqətə alıb. Bütüb Rusiya bir daha Putinin haqlı olduğuna əmin oldu. Rusiya tərəfinin danışıqlar prosesinə açıq olmasına baxmayaraq, bu xoş niyyətlərin Ukraynanın bu cür dinamikanı saxlamaq istəməməsinin əleyhinə olduğunu Vaşinqtonda tam şəkildə gördük".